Yeni il ailəvi bayramdır, onu yaxın və doğma insanların əhatəsində keçirmək lazımdır. Belə deyirlər ki, ili necə qarşılasan elə də yola salarsan. Bizim ölkədə Yeni ili böyük bayram süfrəsi arxasında qarşılayırlar. Süfrədə müxtəlif cür təamlar olur. Adama elə gəlir ki, biz bu bayramı əsrlərdən bəri qeyd edirik, amma əslində Yeni ilin Azərbaycanda qeyd edilməyə başlaması SSRİ dövrlərinə təsadüf edir. İndi isə Azərbaycanda 31 dekabr ancaq Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bir-birinə qarışan bu iki bayramı hamı yaddaqalan şəkildə qeyd etmək istəyir. Kimi evdə, kimi restoranda, kimi isə səyahətdə. Məsləhətlərimiz yeni ili evdə qeyd etmək istəyənlər üçündür.
Yeni il süfrəsi necə olmalıdır?
Hansı rənglərin masaya hakim olacağına qərar verin və işə ilk olaraq süfrədən başlayın. Yeni ilin trend rəngləri tünd göy, mavi, gümüşü, göy rəngin çalarları, həmçinin qızılı rəngdir. Onların yanında daha açıq rənglərdən də istifadə edə bilərsiniz. Çalışın ki, süfrəniz zəngin və dəbdəbəli olsun. Daha sonra süfrədə verəcəyiniz yeməklərə uyğun olaraq qab-qacaq dəstini nəzərdən keçirin. Qablarınız, stəkanlarınız və çəngəl-bıçaqlarınız bir-biri ilə ahəng içində olmalıdır. Süfrədəki hakim tonlar bir-birini izləməlidir.
Yeni il süfrəsini bəzəmək üçün müxtəlif aksessuarlardan istifadə edə bilərsiniz. Bu, süfrənizin daha da mükəmməl görünməsinə şərait yaradacaq. Xüsusi gecələrdə olduğu kimi, bayram süfrəsində də şamlardan istifadə edə bilərsiniz…