NƏ QƏDƏR Kİ, AZƏRBAYCAN VAR, MƏN DƏ VARAM.
MƏN İSƏ AZƏRBAYCANDA ƏBƏDİ OLACAĞAM!
Ulu Öndərin həyat amalı bugünkü qüdrətli, müstəqil Azərbaycan olub
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalq özünün inkişaf mərhələsində güclü bir liderin varlığına ehtiyac duyur. Bu baxımdan Azərbaycan xalqını xoşbəxt hesab etmək olar. Çünki Tanrının bizə bəxş etdiyi Ümummilli Lider Heydər Əliyev elə bir şəxsiyyət olub ki, özünün dediyi kimi, nə qədər ki, Azərbaycan var, o da var olacaqdır.
Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndərin ideyalarının həyata keçirilməsinin şahidi olmayaq.
Heydər Əliyev irsinin öyrənilməsində, təbliğində və gələcək nəsillərə çatdırılmasında 2004-cü ildən analoqu olmayan ictimai qurum kimi fəaliyyət göstərən və bu il yaranmasının 20-ci ildönümü tamam olan Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərir.
Bu il xalqımız Ümummilli Liderin anım gününü tamamilə fərqli bir ovqatda qeyd edir. “Heydər Əliyev ili“ kimi tarixə düşən 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin bərpası, Qarabağın tamamilə erməni separatçılarından təmizlənməsi, bu il fevralın 7-də bütöv Azərbaycanda keçirilən prezident seçkiləri Ulu Öndər Hey-dər Əliyevin ideyalarının təntənəsidir.
Vətəb müharibəsindəki Qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış başlayıb. Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında bu ərazilərdə Cənubi Qafqaz regionunda ən abad, müasir şəhər və kəndlər tikilir, yollar çəkilir, infrastruktur bərpa olunur.
Eyni zamanda Ulu Öndərin vəsiyyətlərinə əməl edən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yerlərdə erməni vandalizmi nəticəsində darmadağın edilmiş mədəni irsimizin bərpası, alimlərimizin, mədəniyyət işçilərinin Qarabağa cəlb edilməsi istiqamətində böyük layihələr həyata keçirilir. Ulu Öndər deyirdi: “Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siysətçilərin də böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir.”
Xankəndidə Qarabağ Universitetinin açılması, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası, Şuşada “Xarı bülbül” festivallarının keçirilməsi və bu istiqamətdə görülən digər işlər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ata vəsiyyətinə əməl edilməsinin bariz nümunəsidir. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezidentimiz Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevirib. Bunu cari ilin noyabr ayında Azərbaycanda keçirilən COP29-un iştirakçıları da təsdiqlədilər. Azərbaycanın son illərdəki inkişafı, gözəlliyi qonaqları heyran etdi.
Azərbaycan xalqı Ümummilli Liderimizi dərin ehtiram və sevgi ilə anır.
Allah Ulu Öndərə rəhmət eləsin, Prezidentimizə isə möhkəm cansağlığı və xalqımızın xoşbəxtliyi naminə fədakar fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Svetlana BAĞIROVA