NƏSİLLƏRƏ NÜMUNƏ
Kim bu cənnət vətə-nin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan şühəda!
Mehmet Akif Ərsoy
Biz qəhrəmanlıq tariximizi kitablardan oxumuşduq. Günlərin bir günü bu tarixi özümüzün yazacağımızı bilməzdik. Tarix yazan oğullarla eyni məkanda yaşayacağımızı ağlımıza belə gətirməzdik.
Elə ki, dağların başında tonqal alovlandı, demək, Vətən dardadır. Vətən çağırır, Vətən bizə oğul deyir.
Mənim yaşadığım rayon cəbhə xəttində yerləşirdi. Demək olar ki, Tərtər 30 ildən çox müddətdə topun ağzında yaşadı. Tərtərdə hər kəs müharibə iştirakçısıdır. Çünki biz müharibəni yaşamışıq… müharibəni görmüşük. Son 44 günlük İkinci Qarabağ savaşında Tərtərə “İkinci Stalinqrad” deyirdilər.
Atam bizi uşaqlıqdan vətənpərvər böyüdüb. Mənim və qardaşımın kitabla ilk tanışlığımız Cavanşir Məmmədovun müəllifi olduğu “Tərtər şəhidləri” kitabı olmuşdur. Mən Tərtərin qəhrəmanları haqqında məlumatları tək kitablardan öyrənməmişəm, atamın xatirələrindən dinləmişəm, o xatirələrlə böyümüşəm. Atam hər zaman o xatirələri necə danışırdısa, sanki mən də özümü orada olduğum kimi hiss etmişəm. Atamın müharibə haqqında, keçdiyi döyüş yolu haqqında uzun-uzun danışması üçün ona bir sual verməyimiz bəs edirdi hər zaman.
Mən bu yazını Azərbaycanın Milli Qəhrəmanı, uşaqlıqdan həmişə haqqında atamın xatirələrini dinləyərək böyüdüyüm əfsanəvi Qəhrəman Vəzir Orucov haqqında yazıram.
Vəzir Orucov 26 dekar 1956- ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Qarabağ müharibəsi başlayanda, o, Rusiyanın Arxangelsk vilayətində yaşayırdı.
1992-ci ildə Vətənə qayıdır və Tərtər Özünümüdafiə Batalyonuna qatılır. O, Həsənqaya, Göyarx, Madagiz (Suqovuşan), Akop Kamari, Sərsəng Su Anbarı, Çıldıran uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Atam Vəzir Orucovun doyüş yoldaşı, onun qəhrəmanlıqlarının şahidi olub. Ona görə də ondan – Qarabağ müharibəsi iştirakçısı, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Suliddin Yusibovdan müsahibə aldım:
– Ata, mən Vəzir Orucovdan yazıram. Bu ad sənə nə deyir?
– Qəhrəmanlıq! Cəsurluq!
–Onunla çiyin-çiyinə vuruşmusan, videoda görmüşəm, döyüşçü kimi necə idi?
– Kaş ki, mənim kimi 50 döyüşçü həlak olardı, Vəzir sağ qalardı. Yüzlərlə erməni öldürüb, yüzlərlə adamı xilas edib. Səkkiz əməliyyat keçirdik, 24 gün döyüşdük, heç 20 şəhidimiz olmadı. Çardaxlı, Ayı heykəli, Drambom, Levonarx, Alışan meşəsi və onlarla ərazidə birlikdə döyüşdük. Vəzir Orucov təkbaşına kəşfiyyata gedər, düşmən mövqelərini dəqiqləşdirərdi, əsgərlərini güdaza veməzdi. Bir dəfə Vəzirə dedim ki, biz bunları qırırıq, onlar da bizimkiləri şəhid edirlər. Ölən düşmənlərin yerinə Xankəndidən yenə ermənilər gələcəklər. Dedi ki, narahat olma, onları da məhv edəcəyik. Uzaqgörənliklə deyilmiş fikir…
Atam deyir:
O yaralanmışdı, müalicə alırdı. Dözmədi, dərhal da döyüşə qatıldı. Fevralda döyüşə qayıdan Vəzir Orucov 1993-cü ilin martın 22-də Qlobus yüksəkliyində şəhid olur.
–Ata, bəs sən komandirinin şəhid olması xəbərini necə aldın?
–Mən onda hospitaldaydım, yaralanmışdım. Öyrənəndə, ilk sualım bu olmuşdu ki, alnından dəyib güllə? Çünki Vəziri ancaq o güllə öldürə bilərdi.
–Ata, insan kimi necə idi?
–Xeyirxah idi, əsgərlərlə oturub yemək yeməzdi, əsgərlər yeyib qurtarandan sonra deyirdi ki, görün orda yemək qalıb.
Anasını çox sevirdi, oğlunu çox sevirdi. Döyüş yoldaşlarının qayğısına qalırdı. Çox söz demək olar. Heyf belə oğullarımızdan.
Müsahibəmiz başa çatır. Mən isə düşünürəm ki, bu cür qəhrəmanlarla yalnız fəxr etmək lazımdır. Onlar həm qısa ömürləri, həm də əbədiyaşarlıqları ilə vətənimizə xidmət edirlər. 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə etmiş igidlərimiz məhz Vəzir Orucov kimi qəhrəmanların nümunəsi ilə böyümüş, Vətəni sevmiş və uğrunda can verməyi öyrənmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əsmər YUSİFLİ