Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    Komadan ayıldığı gün Qələbə xəbərini eşitdi

    Sağlamlığını Vətən yolunda qurban verən daha bir torpaq fədaisi qonağımızdır – “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunmuş II qrup Vətən müharibəsi əlili Rəşad Məmişov. Söhbət edirik, xatırlanası çox şeylər var və hiss olunur ki, yaşadığı ağrı-acıların içərisində Rəşad sağlam ruhunu, Vətən, torpaq sevgisini qoruyub saxlaya bilib.
    O deyir:
    – Bizim nəsildən olan gənclərin qarşısında həmişə bir vəzifə dayanıb: Ana Vətənimizi darda qoymamaq, işğal altında olan torpaqlarımızı azad etmək 2005-ci ildə orta məktəbi bitirib hərbi xidmətə çağırılanda, məhz bu amalla yaşamışam. Xidmətim çox uğurlu keçdi. Həmin illərdə şahidi oldum ki, mən yaşda olan gənclərin hamısının arzusu torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmaqdır.
    Lakin hər bir arzunun reallaşması müəyyən zaman tələb edir. Belə bir zaman 2020-ci ilin payızında yetişdi. Həmin vaxt artıq 10 ilə yaxın idi ki, Rəşad müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusu sıralarında xidmət edirdi. Bu müddət ərzində müxtəlif kurslarda hərbi bilik və vərdişlərini təkmilləşdirən pəhləvan cüssəli bu oğlan əvvəl kəşfiyyat manqa komandiri, sonra top komandiri kimi fəaliyyət göstərib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Bu barədə Rəşad deyir:
    – Aprel döyüşlərinə qatılanda, sevincimizin həddi-hüdudu yox idi. Sanırdıq ki, məqam yetişib. Ermənilərdən intiqamımızı alacağıq. Lakin sona qədər gedə bilmədik. Buna baxmayaraq, Aprel döyüşləri Ordumuzun, o cümlədən hər bir əsgər və zabitin döyüş ruhunu nümayiş etdirdi. Nəhayət, uzun hazırlıqlardan sonra 44 günlük Vətən müharibəsi başladı…
    Rəşad bu döyüşlərə artilleriya divizionunun tərkibində qatıldı. Topçuların komandiri idi. 6 heyət üzvü ilə ermənilərin üzərinə hücuma keçdilər.
    Rəşadın söhbətindən:
    – Müharibədə insan qəribə hisslər keçirir. Ətrafımızda yoldaşlarımızın şəhid olması, yaralanması bizi sarsıtsa da, digər tərəfdən döyüş ruhumuzu möhkəmlənləndirirdi. Düşmən təxribatına cavab verilən ilk dəqiqələrdən əmin idik ki, qələbə bizim olacaq. Prezidentimizin və Ordumuzun gücünə inanırdıq. Hər birimiz bu qələbə naminə canından keçməyə hazır idi və keçirdik də.
    Rəşad sentyabrın 28-də Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Yaxınlığına düşən top mərmisinin partlaması nəticəsində ağır kəllə-beyin travması alıb. Anası deyir ki, bu xəbəri alanda fikrimdən keçirdim ki, Rəşad hansı vəziyyətə düşməsindən asılı olmayaraq yaşasın və evimizdən, balalarının, ailəsinin üstündən nəfəsi əskik olmasın.
    Uca yaradan ananın dualarını eşitdi və 41 gün koma vəziyyətində qalan hərbçimiz nəhayət ki, gözlərini açdı. Bu sevincə qələbə sevinci də qarışdı. Beləcə Rəşad düz 6 ay Bakıda, hərbi hospitalda müalicə olundu. Həkimlər onu həyata qaytarsalar da, əlbəttə, sağlamlığı tam bərpa olunmadı.
    Ancaq, anası dediyi kimi, onun ayaq üstə dayanması ailəsi, üç övladı üçün dünyanın ən böyük xöşbəxtliyidir və onlar bunun üçün hər gün, hər saat Allaha dua edirlər.
    –Ana Vətən və öz anam hər an yanımdadır, – deyir qazimiz. Anamın qayğısını hiss edəndə ağrı-acım azalır, Vətənimin, dövlətimin, rayon rəhbərliyinin ailəmizə göstərdikləri diqqəti görəndə, bilirəm ki, unudulma-mışam.
    Bəli, Rəşad və onun kimi oğullar elə bir tarix yazdılar ki, bu tarix əbədi olaraq yaşayacaq və onları da yaşadacaq.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:58

İsmarıclar bağlıdır.