Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə “dəyirmi masa“ keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının təmsilçiləri, Qarabağ müharibəsi qaziləri, rayonda fəaliyyət göstərən əlillər cəmiyyətlərinin sədr və üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov tədbiri açaraq, əlilləri bayram münasibəti ilə təbrik edib, onlara uzun ömür və cansağlığı, arzularına qovuşmaq üçün möhkəm iradə, dözüm, dəyanət arzulayıb. Bildirib ki, Beynəlxalq Əlillər Günü bütün dünyada qeyd edilir onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətinin onların problemlərinə yönələndirilməsidir.
Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.
Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə İşin təşkili şöbəsinin müdiri Ülvü Nəcəfov öz çıxışında bildirib ki, respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.
Rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud şəxslərin, qazilərin problemləri diqqət mərkəzində saxlanılır, onların ailələrində olur, qayğıları ilə maraqlanırıq. 54 nəfər qazi mənzil növbəsinə götürülüb, 3 nəfər mənzillə təmin olunub. 54 nəfərə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əkin sahəsi, 5 nəfərə həyətyanı sahə, 11 nəfərə sahibkarlıq üçün torpaq sahəsi verilib. 32 nəfər qazi istirahət mərkəzinə göndərilib. 28 nəfər işlə, 34 nəfər aktivlərlə, 4 nəfər avtomobillə təmin olunub. Ümumilikdə, qa-zilərə dövlət tərəfindən 294800 manat sığorta ödənilib, “Yaşat” fondu tərəfindən 468442 min manat, rayon icra hakimiyyəti tərəfindən 60300 manat maddi yardım göstərilib.
Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Regional Bölməsinin rəhbəri Vidadi Məmmədzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər filialının sədri Çingiz İsayev, ”Vətən Müharibəsi Qəhrəmanı” Azər Abdullazadə və II qrup Vətən müharibəsi əlili Amid Paşazadə çıxış edərək, şəhid və qazi aliələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə əlaqədar qurumların rəhbərləri əlilləri maraqlandıran sualları cavablandırıb, onların problem və qayğıları ilə maraqlanıblar.
Tədbirin sonunda əlillər “Tərtər istirahət Mərkəzi”ndə onlar üçün açılmış bayram süfrəsinin ətrafına toplaşıblar.