Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,534
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    QADINLARA QARŞI ZORAKILIQDAN BÜTÜN CƏMİYYƏT ƏZİYYƏT ÇƏKİR

    Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Tərtər Qadın Resurs Mərkəzi və rayon Mədəniyyət Mərkəzi birlikdə ”Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində “Qadınlara qarşı zorakılığa son deyək!” mövzusunda “dəyirmi masa” kecirib.
    Tədbirin keçirilməsində məqsəd ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün əhaliyə düzgün istiqamətlənmiş məlumatları təqdim etməkdir.
    Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları Svetlana Əzizova, Pərişan Orucova, YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev, Tərtər Qadın Resurs Mərkəzinin rəhbəri Qumru Şəmilova, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, mədəniyyət işçiləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
    Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova cəmiyyətdə qadınların hüququ və siyasi fəaliyyəti, qadınlara qarşı məişət zorakılığı və “Qadın Zorakılığına Qarşı Mübarizə Günü”nün tarixi barədə danışıb. Qeyd edib ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi də təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.
    Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ və narıncı lentdir.
    BMT baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: “Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”.
    BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edib.
    “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Beynəlxalq kampaniya 25 Noyabr – Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü və 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü tarixləri arasında keçirilir. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.
    YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, Tərtər Qadın Resurs Mərlkəzinin rəhbəri Qumru Şəmilova çıxış edərək, qadınlara, uşaqlara qarşı zorakılıq hallarına dövlət və vətəndaş cəmiyyəti tərəfindən böyük diqqət yetirildiyini və bu problemlərin aradan qaldırılmasında ölkəmizdə qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışıblar. Qeyd olunub ki, statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır, əksər hallarda isə fakt gizli saxlanılır.
    Müzakirə şəklində keçən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Pərişan Orucova, Heydər Əliyev Mərkəzinin bələdçisi Əzizə Kərimova, Şıxarx 1 nömrəli və Qapanlı kənd tam orta məktəblərin direktorları Vəfa Quliyeva, Fitat Əliyeva, gənclərdən Nərgiz Abdullayeva da çıxış ediblər.

    Müəllif: Redaktor, 10:06

İsmarıclar bağlıdır.