Şəhid Fiqan Həmidovun ailəsi ziyarət olunub
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra və 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Doğma Qarabağ torpaqlarına Böyük Qayıdış başlayıb. Keçmiş məcburu köçkünlər dədə-baba yurdlarına dönürlər.
Bu böyük uğurun, sevincin içində bir təşəkkür, sonsuz minnətdarlıq hissi var: Zəfəri bizlərə qazandıran Müzəffər Ali Baş Komandanımıza, Ordumuza, Qarabağ uğrunda qan tökən, canından keçən şəhidlərimizə və qazilərimizə.
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da şəhid ailələri, qazilər və müharibə veteranları rayon rəbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub.
Rayon rəhbəri, ictimaiyyət nümayəndələri müntəzəm olaraq belə ailələrin qonağı olur, qayğıları ilə maraqlanırlar. Şəhid valideynləri, doğmaları görürlər ki, zaman keçdikcə, onların övladları unudulmur, xalqın yaddaşında əbədi yaşayırlar.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin baçşısı Müstəqim Məmmədov, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov və YAP rayon təşkilatının sədri Eldar Əsədov Yuxarı Qaradağlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Fiqan Zahid oğlunun ailəsini ziyarət ediblər.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyevin hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Sonra şəhidin ömür yoluna nəzər salınıb. Qeyd olunub ki, Fəqan Həmidov Milli Ordunun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il sentyabr ayının 19-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi.
Şəhidin ailə üzvləri bildiriblər ki, övlad itkisi çox ağırdır, ancaq ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa edəndən sonra onlar sanki bir təsəlli tapıblar. Şəhidlərimizin qanı yerdə qalmayıb.
“Yeni Tərtər”