Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    MƏKTƏB BUFETİNDƏ

    Çiçək nənə səhər-səhər bufetə daxil olub, ətrafa göz gəzdirdi. İnsafən, hər yan səliqəli idi. Yorğun olsa da, evə gedəndə buraları silib-süpürmüşdü. Dərindən “ah” çəkib, divardan asılmış yağlı döşdüyünü götürdü və taxdı sinəsinə. Döşdüyün yanındakı ağappaq qar kimi xələtə və üçkünc yaylığa gözucu baxıb düşündü: “Kaş bu gün yoxlama-filan gəlməsin. Nə bişirdiyim yağlı kökələri sata bilirəm, nə də evə pul aparıram. Belə də iş olar?”
    Sonra Çiçək nənə evdə hazırladığı bir ləyən yağlı kökəni çıxarıb qoydu piştaxtanın üstünə. Müxtəlif şirələrin, suların, peçenyelərin tozunu silib, yenə də öz-özünə götür-qoy eləməyə başladı: “Keçən dəfə bir uşaq bu sudan zəhərlənəndə yaman qorxdum. Dedim, yenə yoxlamalar gəlib buranı ələk-vələk edəcək, nə bilim, istehsal tarixini, keyfiyyətini, harada hazırlanmasını yoxlayacaqlar. Şükür, valideyn insaflı oldu, şikayət eləmədi. Bir də ki, axı mən neyləməliyəm. Zəhmət çəkib uşaqlarına su qoysunlar də.
    Elə bu vaxt dərsin bitməsini bildirən zəng çalındı. Bircə dəqiqə keçməmiş bufetin qapıları şaqqıltı ilə açıldı və ətrafı “Çiçək nənə, Çiçək nənə!” səsləri bürüdü. Bufetçi qadın sanki bu səsləri eşitmirdi. Onun gözləri də, fikri də güc-bəla ilə özlərini piştaxtanın qarşısına çatdıran uşaqların əllərindəki puldaydı. Qəpikləri alıb, kiminə kökə, kiminə isə uşaqların dili ilə desək, “şirniquşu” verirdi. Arxada isə uşaqlar tıxacdan tərpənə bilmirdilər. Aşağı sinif şagirdlərindən bəzilərinin ayaqları göydə qalmışdı. Gözlərindən yaş axırdı, amma kim idi onlara fikir verən? Zəng vurulmamış hamı Çiçək nənədən nəsə bir şey almaq, evdən gətirdikləri qəpikləri xərcləmək istəyirdi.
    Zəng çalındı. Şagirdlər sanki bir əmrlə geri döndülər və bir-birindən aralandılar. Bayaqdan ayaqları göydə qalan balacalar şaqqıltı ilə yerə dəydilər. Çiçək nənə yalnız indi onları gördü. Yaxınlaşıb qaldırdı və yağlı əlləri ilə gözlərinin yaşını sildi.
    Ətrafa sakitlik çökdü. Bufetçi qadın ayaqlarının dincini almaq üçün oturdu və dərindən fikrə getdi: “Bizim vaxtımızda belə deyildi. Tək-tük adamlar məktəbə gedən uşağına pul verirdi. Bufetin pəncərəsinin qarşısında bir-iki uşaq olardı, onlar da, ya bir kökə, ya da peçenyə alardılar. Qalanlarına isə analar evdən bir balaca pay qoyardılar. Bəs, görəsən indiki analar niyə belə deyillər?” Xəyalında canlandırdığı səhnədən özü də qorxdu: “Yaxşı ki, belə deyillər. Bəs, onda mən bu qədər pulu necə qazanardım?”
    Elə bu vaxt müəllimlərdən biri içəri girib dedi: “Çiçək nənə, məktəbə yoxlama gəlib!” Qadın tələsik ayağa qalxıb əvvəlcə kökələr olan ləyənini əlinə aldı, bayıra çıxıb pilləkənlərin altında gizlətdi. Sonra yağlı döşdüyünü çıxarıb ağ xələti geyindi, başına səliqəli ləçək bağladı. Elə üz-gözü də xələti kimi ağappaq olmuşdu: “Görəsən bu dəfə də ötüb keçəcəkmi?”
    Bufetin girəcəyində dayanmış bir valideynin sözləri onu diksindirdi: “Yoxlama qurtaracaq, Çiçək nənə. Amma satdığınız keyfiyyətsiz ərzaqların uşaqlara ziyanlı təsiri keçməyəcək, indi olmasa da, gələcəkdə özünü göstərəcək”.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:43

İsmarıclar bağlıdır.