Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası yaranmasının 32-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, onun əziz xatirəsini yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının ildönümü münasibəti ilə tədbir iştirakçılarını ürəkdən təbrik edib, onlara uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb.
İcra başıçsı bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdı.
Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un bu il Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımları dəstəkləməsindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut etdi. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Bildirib ki, 1993-cü ildə Azərbaycanda ictimai siyasi vəziyyət gərgin xarakter almışdı.
Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın ziyalıları o dövrdə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət etdilər və partiya yaradılması qərara alındı. Heydər Əliyevin siyasi nüfuzu o qədər böyük idi ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi oldu, ictimai-siyasi sabitlik yaradıldı və iqtisadi inkişafın əsası qoyuldu.
Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad edib. Bu Qələbənin əsasını da Heydər Əliyev Azərbaycanı inkişaf etdirərək qoyub.
Sonra Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Murad Cəfərov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova, Ağdərə şəhər İƏD üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi Vüsalə Ələsgərova, Mamırlı kənd tam orta məktəbinin direktoru Əli Əzimov çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan danışıblar.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın bu gün əldə etdiyi qələbələrin və qazandığı uğurların arxasında Heydər Əliyevin siyasi kursunun uğurlu davamı dayanır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirərək ata vəsiyyətini yerinə yetirdi və Azərbaycanın suverenliyini bərpa etdi. Bu gün Qarabağda böyük quruculuq işləri həyata keçirilir. Qarabağdan didərgin düşən vətəndaşlarımız öz doğma yurdlarına qayıdırlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP üzvü Fəxri fərmanla təltif olunub, YAP-a yeni üzv olan şəxslərə vəsiqələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.