Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP29 Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.
Uzun müddətdir hazırlıqları gedən və gözlənildiyi kimi çox böyük uğurla təşkil olunan COP29-a Tərtər Qadın Resurs Mərkəzi olaraq biz də öz töhvəmizi verməyə çalışdıq. Koordinator olaraq fəaliyyət göstərdiyim Tərtər Qadın Resurs Mərkəzi BMT-nin İnkişafı Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində həyata keçirilən “İqtisadi və sosial iştirakın artırılmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” (SABİY) layihəsi çərçivəsində yaradılıb.
Bu günlər ərzində həm onlayn, həm də oflayn formatda QRM üzvləri və əməkdaşlarının iştirakı ilə bir çox mövzularda, xüsusi ilə “COP 29 Perspektivində Gender Bərabərliyinin Gücləndirilməsi, Stereotiplərin aradan qaldırılması və İqlim Fəaliyyətində Gənclərin Liderliyi” mövzusunda və eləcə də COP29 və İqlim dəyişikliyi mövzusunda bir neçə tədbir təşkil etdik. Keçirilən tədbirlərdə beynəlxalq ekspertlər, bioloqlar, o cümlədən qonaq spiker kimi COP29 Dayanıqlılıq şöbəsinin rəhbəri Ayan Nəcəf iştirak etdilər.
Təlimlərdə qadınların iqlim dəyişikliyində rolu və iqlim dəyişikliyi zamanı həyatımızda baş ve-rən dəyişikliklərin qarşısını almaq üçün öhdəmizə düşən vəzifələr nədən ibarət olması və s. mövzular əhatə olunmuşdur.
Təlimləri Beynəlxalq təşkilatların təcrübəli təlimçiləri aparıblar. Beynəlxaq ekspert bioloq Sevinc Məmmədovanın iştirakı ilə COP29 və İqlim dəyişikliyinə həsr olunan və QRM üzvləri və əməkdaşlarının iştirakı ilə keçirilən “COP29 Perspektivində Gender Bərabərliyinin Gücləndirilməsi, Stereotiplərin aradan qaldırılması və İqlim Fəaliyyətində Gənclərin Liderliyi” mövzusunda tədbir təşkil olunub. Hibrid formatında keçirilən tədbirin qonaq spikeri COP29 Dayanıqlılıq şöbəsinin rəhbəri Ayan Nəcəf olnub.
Təlim zamanı iştirakçılara COP 29-un Azərbaycan və qlobal mühit üçün önəmindən, eləcə də ölkə səviyyəsində aparılan işlərdən danışılıb. Qadınlar və gənclərin iqlim dəyişmələri ilə mübarizədə həlledici rolu vurğulanaraq gələcəkdə rayonumuzda da lider qadınlarla birgə əməkdaşlıq imkanları da müzakirə olunub.
Qeyd edilib ki, ətraf mühitin mühafizəsində hər bir fərdin, xüsusilə qadınların və gənclərin rolu önəmlidir və hər kəs bu işə öz töhfəsini verməlidir.
Qumru ŞƏMİLOVA,
Tərtər Qadın Resurs Mərkəzinin koordinatoru