Planetimizdə baş verən hadisələr bütün bəşəriyyəti narahat edir. Əsas dəyişikliklərdən biri də iqlim dəyişikliyidir. Dünyada baş verən qlobal istiləşmənin qarşısını almaq üçün insanlar tərəfindən edilən və təhlükəli hesab olunan bütün müdaxilələrə son qoymaq lazımdır. Bəzən özümüz də bilmədən təbiətin qanunlarına müdaxilə edirik. Bu isə bizim özümüzə ziyan edir. Yaşıl örtüyün azaldılması, göllərin qurudularaq yerində nələrinsə inşa edilməsi, təbiətə qarşı olunan zorakılıqlar, atmosferə buraxılan zəhərli qazlar planetimizin çirklənməsinə gətirib çıxarır. İqlim dəyişikliyinin təsirini azaltmaq üçün su ehtiyatlarından səmərəli istifadə edilməsi, tullantıların azaldılması və yenidən emal edilməsi inasanların üzərinə düşən aktual məsələlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu il COP29-a ölkəmiz ev sahibliyi edib. Qonaqlara deməyə sözümüz çox idi. Azərbaycan həm bərpa olunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini davam etdirir. Bu, bir Azərbaycan vətəndaşı olaraq hər birimizi çox sevindirir. Mən də çox xoşbəxtəm ki, gənc nəslimiz bu işdə öndə gedir. “Yaşıl dünya naminə” hər bir gənc həmrəylik göstərir. Bugünkü gənc nəsil sabahın gəncləri üçün çalışır, onların rahat, gözəl, təmiz bir dünyada yaşamaları üçün əllərindən gələni edir.
İqlim dəyişikliyi təkcə ekologiya üçün yox, iqtisadiyyat üçün də zərərlidir. Havaların normadan artıq isti keçməsi, daşqınlar, quraqlıq məhsul itkisinə gətirib çıxarır. Su ehtiyatları tükənir, qida təhlükəsizliyi pozulur. Bu da dünya iqtisadiyyatı üçün təhlükə yaradır. Bizlər bilməliyik ki, təbiəti qorumaq, ondan düzgün istifadə etmək hər birimizin bir insanlıq borcudur. Bu gün bu bilgiləri gənc nəslə də aşılamalıyıq.
Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması və qorunması istiqamətində Tərtər rayonunda da davamlı işlər görülür. Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyaları təşkil olunur, yeni yaşıllıqlar salınır, ətraf ərazilər tullantılardan təmizlənir.
İlahə PAŞAZADƏ