Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Noy

    Azərbaycanın inkişafının müasir mərhələsində Prezident İlham Əliyevin diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, qəbul edilən Dövlət Proqramları təhsilin, eləcə də peşə təhsilinin səviyyəsinin yüksəlməsinə xidmət edir. Xüsusən də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra doğma Qarabağ torpaqlarında bərpa və quruculuq işlərinin aparılması, burada ağıllı kənd və şəhərlərin inşası savadlı, peşəkar kadrlara olan tələbatı daha da artırıb.
    Məlumdur ki, Azərbaycanın gələcəyini böyük uzaqgörənliklə düşünən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təhsilin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir. Ümummilli Liderin zəngin irsinin layiqli davamçısı Prezident İlham Əliyev öz növbəsində ölkədə təhsilin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atıb. Ölkə başçısının fərman və sərəncamları ilə 2016-cı ildə Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi təsdiq edilib, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, 2018-ci ildə Peşə təhsili haqqında Qanun qəbul edilib. Elə həmin ildə Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əmək haqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması dövlətin Peşə Təhsili və Təliminə diqqət və qayğısının bariz nümunəsidir.
    Ölkə başçısı çıxışlarının birində peşə təhsili pilləsi ilə bağlı deyib: “Mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbə-də, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yükəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır”.
    Dövlət başçısının tələb və göstərişlərini daim diqqət mərkəzində saxlayan Tərtər Peşə Məktəbinin kollektivi yuxarıda göstərilənləri öz işinə tətbiq etmək üçün səylə çalışır. Belə ki, 2023-ci ildə məktəbdə əsaslı təmir işləri aparılıb. Tədris binası 400 nəfər tələbə üçün nəzərdə tutulub. Məktəbdə yerləşən 7 istehsalat emalatxanası və 20 sinif otağı tədris olunan dərslərin yüksək səviyyədə keçirilməsinə kömək edir.
    Məktəbin müasir tələblərə cavab verən rahat yataqxanası var. Yataqxana 72 nəfərlikdir. İdman meydançasında tələbələr üçün açıq havada bədən tərbiyəsi dərsləri təşkil olunur.
    Hal-hazırda Tərtər Peşə Məktəbində 17 qruq fəaliyyət göstərir: Bitkiçilik mütəxəssisi, Dərzi, Geyim üzrə dizayner, Bərbər, Bərbər vizajist-manikürçü, Kənd təsərrüfatı məhsulları üzrə fermer, Avtomobil üzrə çilingər, Avtomobil üzrə elektrik, Əməliyyatçı-mühasib, Tərəvəz ustası, Tikiş avadanlıqlarının operatoru, Tikişçi, Xalçaçı peşələri üzrə tədris aparılır. Meyvə ustası, Elektrik qaynaqçısı, Baytar texniki, Dayə və s. qruplar məktəbdə yeni fəaliyyətə başlayıb. Qeyd edək ki, bütün peşələr üzrə kadrlara həm öz rayonumuzda, həm də ətraf rayonlarda böyük ehtiyac var. Eləcə də işğaldan azad edilmiş ərazilərə həyat qayıtdıqca, məktəbimizin məzunlarına da tələbat artacaq.
    Tərtər Peşə Məktəbi özəl və dövlət müəssisələri ilə müqavilələr əsasında tədris-təcrübə bazasını genişləndirir. Tərtər rayonunda yerləşən Əmək bazarında ehtiyac duyulan ixtisaslı kadrların hazırlanması məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına əsasən 2024-cü ilin sentyabr-oktyabr aylarında Bərdə, Tərtər və Ağcabədi rayonlarında münaqişədən zərər çəkmiş və həssas qrupa daxil olan 120 qadın üçün Tərtər Peşə Məktəbi tərəfindən 10 günlük kompüter və mühasibatlıq kursları təşkil olunmuşdu.
    Peşə Təhsili Müəssisələrinə qəbul prosesinin obyektiv və şəffaf qurulması da bu sahədə yeni mərhələnin başlanması oldu. Belə ki, qəbulun PTM-lərdə həyata keçirilməsinə son qoyuldu. 2020-2021-ci tədris ilindən başlayaraq, vətəndaşlara Elekton Portal üzərindən sərbəst, ödənişsiz qeydiyyatdan keçərək, PTM-lərə qəbul olmaq şansı verildi.
    Məktəbin qabaqcıl müəllim və istehsalat təlimi ustalarından Tacirə İlyasovanın, Rafət Məmmədovanın, Sərfinaz Əliyevanın, Cənnət Vəliyevin, Ofelya Əkbərovanın və digərlərinin birgə səyi nəticəsində burada təhsil alan tələbələr öz ixtisaslarına dərindən yiyələnərək, ölkəmizə daha çox fayda verməyə çalışırlar.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:55

İsmarıclar bağlıdır.