“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq.
Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.
Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.
Kəlbəcər rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.
Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.
Bölgədə infrastruktur yenidən qurulur, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu tikilir.
Yolun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.
Bölgənin enerji ehtiyatlarından səmərəli istifadə məqsədilə Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Kəlbəcərə 6 dəfə səfər edib. İlk səfəri zamanı 16.08.2021-ci ildə Kəlbəcər şəhərində Dövlət bayrağı ucaldılıb.
Digər səfərlərin hər biri təməlqoyma mərasimləri və açılışlarla yadda qalıb.