Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra söz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib.
İcra başçısı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
Rayon rəhbəri çıxışında bildirib ki, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıllmış olduğu şəhərlərindən biridir.
Ancaq tərtərlilər ön cəbhədə olduğu kimi arxa cəbhədə də şəhidlər versələr də, evləri dağıdılsa da bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Sonra Milli Məclisin deputatı Anar Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, Vətən Müharibəsi şəhidi, gizir Mirzəli Rəşadın anası Afidə Mirzəyeva, Azərbaycan Bayrağı Ordenli, Vətən Müharibəsi iştirakçısı Elnur Salahov, Gənc Qazilər İctimai Birliyinin sədr müavini, qazi Baris Əliyev, Goranboy rayon Ağsaqqallar Şurasının sədr müavini Aqil Abbasov, Goranboy rayon ağsaqqalı Eldəniz Abbasov, digər çıxış edən şəhid ailələrinin üzvləri və qazilər 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söhbət açıblar, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.
Zəfər Günü münasibəti ilə rayon icra hakimiyyəti və Milli Məclisin deputatı Anar Məmmədovun şəhid ailələri, qazi və müharibə veteranlarının şərəfinə təşkil etdikləri bayram süfrəsi arxasında tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramına baxıblar.