Bayram günlərində şəhid ailələri ziyarət olunub
Noyabr ayında xalqımız şanlı Zəfərimizin 4-cü ildönümünü qeyd etdi. Hamımız üçün əziz olan həmin günlərdə şəhid ailələri, qazilərimiz unudulmadı. Onu da qeyd etmək lazımdır ki, bu təbəqədən olan insanlar yalnız əlamətdar tarixlərdə deyil, hər zaman anılır, onların qayğı və ehtiyacları diqqət mərkəzində saxlanılır.
Rahat şəkildə övladının əlindən tutub məktəbə aparan valideyn də, vaxtilə cəbhəyanı adlanan və bu gün əmin-amanlıqda yaşayan kəndlərin sakinləri də, illərlə doğma torpaqlara dönmək arzusu ilə yaşayan keçmiş didərgin soydaşlarımız da, bir sözlə, bir yumruq kimi birləşən xalq bu yolda canından keçən şəhidlərimizin, qan tökən qazilərimizin hünərini əbədi olaraq unutmayacaq və unutmur.
Bayram günlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm mədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Hüsənli kəndində şəhid Taleh Məmmədovun atası Arif Məmmədovu 65 illik, Hacallı kəndində isə şəhid Əjdər Sabirlinin atası Xanlar Sarıyevi 60 illik yubileyi münasibəti ilə ziyarət ediblər.
Hər iki şəhidin şərəfli ömür yolunun səhifələri vərəqlənib. Bildirilib ki, məhz bu cür oğulların qəhrəmanlığı sayəsində Azərbaycan xalqı indi üzüağ, alnıaçıq yaşayır.
Qeyd edək ki, Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş Taleh Məmmədov Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib.
Əjdər Sabirli isə öz tankı ilə müharibəyə Talış kəndi istiqamətindən qatılmışdı. Həmişə hər şeyə şükür edən bu igid elə bu sözlərlə də şəhidliyə qovuşub.
“Yeni Tərtər”