Şəhid Polad Ərəbov
“Müharibə ana fəryadıdır, qara örpəklər və bu örpəklər altında gəlinlərin ağaran saçları, ata həsrətli körpələrin nisgilidir”. Bu sözləri şəhid Polad Ərəbovun qardaşı, müharibə veteranı, keçmiş məcburi köçkün Nemət Ərəbov deyir.
–Müharibənin necə dəhşətlər gətirdiyini bizim kimi ailələrdən daha yaxşı bilən olmaz, məncə,– deyərək, söhbətə başlayır şəhidimizin qardaşı.
–Qardaşım Ərəbov Polad Şəmşir oğlu 1967-ci il may ayının 15-də Ağdərə rayonunun Umudlu kəndində doğulub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Xidmətini başa vurduqdan sonra doğma rayonuna, kəndinə qayıdıb. O, evin 6-cı uşağı idi. Biz aildə 7 qardaş, 3 bacı olmuşuq. Evimizin ən şən uşağı Polad idi. Hər dəfə onu xatırlayanda, gözlərim önünə ancaq gülər üzü gəlir. Danışıb gülməyi çox sevərdi. Hamıyla mehribancasına davranar, hərəni öz dili ilə dindirərdi. Həmişə çalışırdı ki, sözləri heç kimin xətrinə dəyməsin.
Əsgərlikdən gəldikdən bir müddət sonra, 1990-cı ildə Ağdərə rayon Polis şöbəsində işləməyə başlayıb. Həmin vaxtlarda ermənilər bizim rayonlarımıza, kəndlərimizə hücum edirdilər. Bizim də kəndimizdə özünümüdafiə dəstələri yaradılmışdı. Kəndin cavanları həmin dəstələrin tərkibində kəndimizi müdafiə edirdilər. Mən 1991-ci il dekabrın 19-da ayağımdan yaralandım. 1992-ci il fevralın 28-də kəndimizin əhalisi kənddən çıxdı. Tərtər rayonunda məskunlaşdıq. Ancaq qardaşım Polad polis yoldaşları ilə birlikdə mübarizəni davam etdirirdi.
Qardaşım çox cəsur, qorxmaz oğlan idi. Döyüş yoldaşları danışırlar ki, bir dəfə onlar postdan qayıdarkən düşmən tərəfindən atəşə məruz qalıblar. Polad yoldaşlarına deyir ki, sizi evdə övladlarınız gözləyirlər. Mən özüm hər şeyi yerbəyer edəcəm. Az keçmədən düşmən məhv edilir.
Polad nişanlı idi. Hər dəfə bizlərə baş çəkməyə gələndə rəhmətlik valideynlərim deyirdilər ki, gəl sənin toyunu edək. O isə deyirdi ki, kəndimizi azad edək, toyumu öz doğma kəndimizdə edəcəm. Ancaq qardaşım bu arzusunu reallaşdıra bilmədi. Hər dəfə Polad döyüşdə olarkən Allaha dua edirdik ki, sağ-salamat qayıtsın. Ancaq sonuncu döyüşdən qayıda bilmədi. Şəhid olan neçə-neçə igid oğullardan biri də mənim qardaşım Polad oldu.
Onun son döyüş yolu “Qan çanağı” adlanan 3 nömrəli sovxozun ərazisində oldu. Ön mövqedə dayanan polislərə 7 may 1994-cü ildə komandir təyin edildi. Mayın 8-i sübh tezdən düşəmən onlara hücuma keçdi. Qardaşım 1994-cü il may ayının 8-da Ağdərə istiqamətində gedən ağır döyüşdə şəhid olub neytral ərazidə qalıb. Ayın 27-si nəşi tapılıb. Ağdərə camaatı ilə bərabər, Tərtər əhalisi də qardaşımı öz doğma övladları, qardaşları kimi qarşıladılar. Polad Bərdə rayonundakı “Şəhidlər Xiyabanı”nda dəfn olundu.
Polad şəhid olandan sonra qardaşım İsrafil onun adını oğluna verdi. Bu gün o da əmisinin yolunu davam etdirir. Rusiyada Polis Akademiyasında oxuyur. Hər dəfə bizimlə danışanda deyir ki, mən də əmim kimi qorxmaz, igid polis olacağam. Vətənimə layiqincə xidmət edəcəyəm.
1996-cı ildə Tərtər şəhərində yaşadığımız küçədə qardaşımın adına bulaq inşa edildi. Ondan sonra həmin küçə Polad Ərəbov adlandırılmağa başladı.
İndi bizim doğma kəndimiz düşməndən azad edilib.
Bircə şeyə çox təsssüff edirəm ki, valideynlərim bu günləri görmədi. Ancaq əminəm ki, hər üçünün ruhu şaddır.
Biz hər zaman Tərtər camaatının dəstəyini görmüşük. Məcburi köçkün olduğumuz zaman bu rayonun əhalisi bizə qucaq açdı, dərdimizə şərik oldular. Özü də yaralı, ancaq Qəhrəman olan Tərtər bizim kimi nə qədər insana qucaq açdı.
* * *
2017-ci ildə müharibə veteranı adını aldım. Tərtər rayonunda Suvarma Sistemləri İdarəsində işləyirəm.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində oktyabrın 3-də Tərtərdə tikdirdiyimiz evə raket düşdü, evimiz darmadağın oldu. Müharibə gedən müddətdə ailəmiz Gəncədə kirayədə qaldı. Mən özüm isə rayonda sığınacaqlarda qalırdım. Oğlum da müharibədə iştirak edirdi. Müharibə bitdikdən sonra ailəmlə birlikdə Umudlu kənd tam orta məktəbinin bir sinfinə yığışdıq. Prezidentimiz cənab İlham Əliyevin müharibədən zərər çəkənlərə göstərdiyi diqqəti sayəsində 2021-ci ildə bizə yeni ev tikildi. Həmin ilin yay ayında yeni evimizə köçdük. Biz həm keçmiş məcburi köçkün, həm də şəhid ailəsi olaraq hər zaman dövlətimizin, Tərtər Rayon İcra hakimiyyəti başçısının, rayon sakinlərinin dəstəyini hiss etmişik. Hər zaman problemlərimizlə maraqlanıblar.
Oğlum Hikmət Ərəbov 2016-ci ildə Aprel döyüşlərində, 2020-ci ilin Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrın 19-20 keçirilən antiterror əməliyyatında iştirak edib.
2023-cü il antiterror əməliyyatından sonra Ağdərə rayonu və doğma kəndimiz Umudlu düşməndən azad olundu. 30 il-dən sonra ilk dəfə bizim ayaqlarımız doğma kəndimizə dəydi. Bu sevinci bizlərə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Ordumuza minnətdarıq. Biz bu gün azad, suveren ölkədə şəhid qardaşlarımızın qanı, canı bahasına yaşayırıq.
2020-ci il 27 sentyabrda başlayan 44 günülk Vətən müharibəsindən sonra biz artıq məcburi köçkün deyilik. Bu ad üzərimizdən götürüldü. Mən çox xoşbəxtəm ki, bu gün nəvələrimlə, övladlarımla öz doğma kəndimə rahat şəkildə gedə bilirəm.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Yaşasın azad Azərbaycan! O azad olan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız heç zaman zirvədən enməsin!
Söhbəti qələmə aldı:
İlahə PAŞAZADƏ