“BİZ TƏKCƏ ELM ÖYRƏTMİRDİK, UŞAQLARA VƏTƏNPƏRVƏLİK DƏRSİ KEÇİRDİK”
Elə bir insan tapılmaz ki, ilk müəlliminin adı çəkiləndə duyğulanmasın, uşaqlığına qayıtmasın. Bəzən deyirlər ki, biz hətta xasiyyətcə də ibtidai sinif müəllimlərinə bənzəyirik. Sakit, təmkinli pedaqoqların şagirdləri də belə olur, çılğın, səsli-küylü siniflər isə eynən müəllimləri kimidirlər.
Məktəb mövzusu çox aktual olduğu üçün, uzun illər tanıdığım və hazırda təqaüddə olan bir müəllim haqqında danışmaq istəyirəm.
Roza Muxtarova. Onun bütün həyatı şəhər 1 saylı tam orta məktəblə bağlı olub. Bu məktəbdə orta təhsil alıb, sonradan texnikumu bitirib doğma məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb, işləyə-işləyə təhsilini artırıb və ali təhsilli pedaqoq kim həyatını uşaqların savadlanmasına, tərbiyəsinə həsr edib.
Ulu Öndər Heydər Əliyev deyib: “Ömrünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”. Ümummilli Lider hesab edirdi ki, vətənpərvərliyi gənclərə aşılamaq üçün müəllimlərin özləri gərək vətənpərvər olsunlar.
Müəllimlərimizin vətənpərvər olduğunu və onların belə bir nəsil yetişdirdiyini 44 günlük Vətən müharibəsi göstərdi. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Elə bir gənc nəsil yetişdi ki, Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər.”
Roza Muxtarova fədakar, qəhrəman nəslin yetişməsində böyük əməyi olan müəllimlərdən biridir. O, əmək fəa-liyyətinə 80-ci illərdə başlayıb. O zaman müharibə hələ açıq getməsə də, tərtərlilər vaxtaşırı qonşuluqda yaşayan ermənilərin “sürprizləri” ilə qarşılaşırdılar. Bundan sonra isə Birinci Qarabağ müharibəsinin çətin illəri başladı… Roza müəllim bu barədə belə deyir:
– 90-cı illərin əvvəlində mən birinciləri qəbul etmişdim. Ölkədə müharibə gedirdi, rayonumuz cəbhəyanı bölgəydi, tez-tez düşmən hücumlarına məruz qalırdıq, ancaq məktəbdə təhsil dayandırılmamışdı. Valideynlərdə övladlarına təhsil verməyə, şagirdlərdə isə oxumağa maraq böyük idi. Təhlükəli olsa da dərslərimizi keçirdik. Biz təkcə elm öyrətmirdik, uşaqları qoruyurduq. Yadımdadır ki, sinfə daxil olub balacaların mənə zillənmiş baxışlarını görəndə, çətinlikləri unudurdum və hər dərsimiz həm də həyat dərsi olurdu, uşaqlara vətənpərvərliyi aşılayan əyani dərs…
Roza müəllimin şagirdlərindən biri, hazırda tarix müəllimi işləyən və tarix üzrə fəlsəfə elmləri doktoru olan Aygün Nəzərəliyeva deyir:
–Tarix fənnini mənə sevdirən ilk müəllimim Roza Muxtarova və həyat özü olub. Qəhrəman Tərtərdə doğulub boya-başa çatmışam. Vətəni sevməyi, onun qədrini bilməyi burada öyrənmişəm. Çox xoşbəxtəm ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edildi. Alazan raketləri altında keçən uşaqlığımızı və müəllimlərimi heç zaman unutmuram. Bu günlərimizlə qürur duyuruq! Allah şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarımıza şəfa diləyirik. Daxili və xarici siyasəti ilə Azərbaycana bol-bol uğurlar qazandıran Prezident İlham Əliyev xalqımızın fəxridir.
Müəllim ömrünü kökləri ilə torpağın dərinliklərinə getmiş qollu-budaqlı, barlı bir ağaca bənzətmək olar. Onun yetişdirdiyi insanların hər biri ayrı-ayrı sahələrdə vətənimizə layiqincə xidmət edir. Roza Muxtarova da öz keçmiş şagirdlərilə haqlı olaraq fəxr edir. O deyir:
–Müəllim əməyi çətin, çətin olduğu qədər də şərəflidir. Xoşbəxtəm ki, vaxtilə əllərindən tutub ilk sözləri yazmağı, oxumağı öyrətdiyim şagirdlər layiqli vətəndaş kimi böyüyüblər. Onların yaxşı sorağı həmişə məni sevindirir.
Svetlana BAĞIROVA