4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızıucaltdı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.
Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.
İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı.
“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik” – deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir.
Bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Biz bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Belə xalqın Ordusu bu Zəfəri qazanması labüd idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhəri işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”;
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu.
Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızın ucaldılması. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.
Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa – Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır.
Prezident İlham Əliyevin 2021-ci il tarixli Sərəncamı ilə (https://e-qanun.az/framework/47437) Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül” və “Qarabağ” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu. 2021-ci il 31 may tarixində qəbul edilmiş Qanun (https://e-qanun.az/framework/47678) Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılıb (https://www.shusha.gov.az/az).
Prezident İlham Əliyevin 2021-ci il tarixli Sərəncamı ilə (https://e-qanun.az/framework/48852) 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama (https://e-qanun.az/framework/54767) əsasən 8 Noyabr – Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 21 noyabr tarixli Sərəncamına əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdir.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”;
– Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Şuşaya səfərləri:
14.01.2021
- Şuşa şəhərində Dövlət bayrağının ucaldılması;
- Şuşa şəhərində hərbiçilər ilə görüş;
- Şuşa şəhərində Saatlı məscidini ziyarət;
- Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Şuşa şəhərində qoyulması;
- İşğaldan öncə Şuşa Rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binaya baxış;
- Natəvan bulağı ilə tanışlıq;
- Bülbülün dağıdılmış ev-muzeyinə baxış;
- Aşağı Gövhərağa məscidini ziyarət;
- Yuxarı Gövhərağa məscidini ziyarət;
- Qazançı kilsəsinə baxış;
- Molla Pənah Vaqifin işğaldan öncə büstünün olduğu yerə baxış;
- Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksinə baxış;
- Cıdır düzünə baxış;
- Şuşa Realnı Məktəbinin dağıdılmış binasına baxış.
15.01.2021
- Cıdır düzünə baxış.
16.03.2021
- Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində aparılan bərpa işləri ilə tanışlıq;
- Pənahəli xanın Sarayının qalıqlarına baxış;
- Molla Pənah Vaqifin büstünün bərpa olunacağı əraziyə baxış;
- Karvansaray tarix-memarlıq kompleksində aparılacaq bərpa işləri ilə tanışlıq;
- İşğaldan əvvəl Şuşa Dövlət Rəsm Qalereyasının fəaliyyət göstərdiyi binaya baxış;
- “Qarabağ” mehmanxanasında aparılan yenidənqurma işləri ilə tanışlıq;
- İşğaldan əvvəl Şuşa Xalça Muzeyinin fəaliyyət göstərdiyi binaya baxış;
- Şuşada Park hotelin yerləşəcəyi binada aparılan yenidənqurma işləri ilə tanışlıq;
- Daşaltı kəndi ilə tanışlıq.
20.03.21
- Şuşada Cıdır düzündə Novruz Bayramı tonqalının alovlandırılması mərasimi.
12-13.05.2021
- 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışı;
- “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra açılışı, hotelin nəzdindəki korpusda və kotteclərdə aparılan yenidənqurma işləri ilə tanışlıq;
- Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan yenidənqurma işləri ilə tanışlıq;
- Şuşada yeni məscidin təməlqoyma mərasimi;
- Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış;
- “Xan qızı” bulağına bərpadan sonra baxış;
- Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binada görüləcək işlər ilə tanışlıq;
- Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanışlıq;
- Şuşa şəhər 1 saylı ümumtəhsil məktəbinin təməlqoyma mərasimi;
- Yuxarı Gövhərağa məscidində aparılmış bərpa işləri ilə tanışlıq;
- Cıdır düzündə “Xarıbülbül” festivalının açılış mərasimi.
- Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının bağlanış mərasimi.
14.06.2021
- Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlqoyma mərasimi.
15.06.2021
- Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi;
- Azərbaycan və Türkiyə Prezidentlərinin təkbətək görüşü, “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordeninin təqdim edilməsi;
- Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət;
- Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanma mərasimi;
- Azərbaycan və Türkiyə Prezidentlərinin birgə bəyanatları;
- “Xan qızı” bulağı ilə tanışlıq;
- Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın təqdimat mərasimi;
29.08.2021
- “Qarabağ” hotelinin yenidənqurmadan sonra açılışı;
- Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan bərpa işləri ilə tanışlıq;
- Molla Pənah Vaqifin Şuşada büstünün açılışı;
- Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma sonra açılışı;
- Bülbülün ev-muzeyinin açılışı;
- Üzeyir Hacıbəylinin heykəlinin açılışı;
- Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılan bərpa işləri ilə tanışlıq;
- “Hotel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimi;
- Şuşa şəhərinin baş planının təqdimatı və I məhəllənin təməlqoyma mərasimi;
30.08.2021
- Vaqif Poeziya Günlərinin açılış mərasimi;
- Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil edilən sərgi ilə tanışlıq.
07.11.2021
- Zəfər yolunun açılış mərasimi;
- Şuşada Daşaltı məscidinin təməlqoyma mərasimi;
- Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimi;
- Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi;
- Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində aparılan bərpa işləri ilə tanışlıq;
- Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanışlıq;
- VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə görüş;
- Şuşada Topxana meşəsində ağacəkmə mərasimi;
- Cıdır düzündə ağacəkmə mərasimi;
- Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş;
- Şuşada hərbçilər qarşısında çıxış.
24.12.2021
- Yuxarı Gövhər Ağa məscidini ziyarət;
- Cıdır düzündə çıxış.
22.04.2022
- Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanışlıq;
- Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı.
10.05.2022
- Şuşadakı inzibati binada və Şirin su hamamında aparılan bərpa işləri ilə tanışlıq;
- Məşhur tarzən Sadıqcanın Şuşadakı evinin bərpası işləri ilə tanışlıq;
- Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanışlıq;
- “Shusha Boutique Hotel”in yerləşəcəyi əraziyə baxış;
- Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlıq;
- Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı;
- Şəhərdəki inzibati binanın qarşısında müraciət.
12.05.2022
- Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı.
27-28.09.2022
- Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət;
- Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq;
- Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə tanışlıq;
- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanışlıq;
- Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanışlıq;
- Şuşada təmir və bərpa edilən hoteldə görülən işlərlə tanışlıq;
- Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanışlıq;
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında bərpa işlərinin gedişi ilə tanışlıq.
08.11.2022
- Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak.
03.05.2023
- Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak.
22.07.2023
- Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanışlıq;
- Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanışlıq;
- Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanışlıq;
- Şuşada Qlobal Media Forumunun açılış mərasimi.
23.08.2023
- Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər.
15.10.2023
- Şuşa rayonunun Malıbəyli kəndin ərazisinə baxış.
07.11.2023
- Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq;
- Şuşa şəhərində peşə məktəbinin və kollecin binasına baxış;
- Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı;
- Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanışlıq;
- Şuşada İsa bulağına baxış;
- Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanışlıq;
- Şuşa şəhərində Qala divarına və ətraf əraziyə baxış;
- Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri ilə tanışlıq;
- Şuşada “Yasəmən” hotelinin açılışı.
21-22.12.2023
- Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanışlıq;
- Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanışlıq;
- Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq;
- Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanışlıq;
- Şuşa rayonundakı “Saxsı” bulağına baxış;
- Şuşa rayonundakı “Turşsu” bulağına baxış;
- Şuşa rayonunun Turşsu qəsəbəsinə baxış.
12.03.2024
- Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfəri.
10-11.05.2024
- Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimi;
- Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq;
- Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanışlıq;
- Şuşada Şirin su hamamının bərpadan sonra açılışı;
- Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq;
- Mamayı məscidinin bərpadan sonra açılışı;
- Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş;
- Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq;
- Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub;
- Şuşada ISESCO-nun Baş direktorunun qəbulu;
- Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışı.
17.05.2024
- İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Şuşa şəhərinə səfəri;
- Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış;
- Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə gülləboran edilmiş heykəllərinə baxış;
- Şuşa şəhərinin baş planının haqqında məlumat;
- Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxış;
- Şuşada Bülbülün ev-muzeyinə baxış;
- Cıdır düzünə baxış;
- İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
05-06.07.2024
- Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışı;
- Şuşa sutəmizləyici qurğular kompleksinin açılışı;
- Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı;
- Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışı;
- Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər;
- Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub;
- Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qarşılanma mərasimi;
- Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü;
- Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanması.
20.07.2024
- “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi.
19.09.2024
- Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı;
- Şuşada Bayraq Meydanının açılışı.