Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Tarixə nəzər salsaq Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Bayraq bizim kimliyimiz, bayraq bizim varlığımızdır. Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur.
Azadlıq yağışından doğan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.