Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Noy

    CANIMIZ, ÜRƏYİMİZ BAYRAĞIMIZ

    Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
    Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
    Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.
    2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
    Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu yazdı. Bu tarixi şəhidlərimiz öz qanlarıyla yazdılar.
    Mən bu gün qürurluyam ki, qalib xalqın nümayəndəsiyəm, qürurluyam ki, Qəhrəman Tərtərin sakiniyəm, qazi övladıyam. Tarix boyu savaşlar aparmışıq, qurbanlar vermişik, parçalamaq istəyiblər bizi, işğalçılıq siyasəti yürüdüblər. Ancaq biz yenidən tarix yazdıq, güclü olduğumuzu bir daha dünyaya sübut etdik. Tərtər də bu şanlı qələbəyə canlı şahid oldu. Zəfər bizimdir! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
    Zəfər Bayramımız, Bayraq Günümüz mübarək!

    Əsmər YUSİFLİ

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.