Tərtərin Qarabağ həsrətli şairəsi
Yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedaqoq Nübar Mədətli. Bəli, mənim nənəmdir haqqında danışacağım Tərtər şairəsi. O şairə ki, ömrünün yarıdan çoxunu təhsilə, elmə, yazarlığa o, cümlədən Qarabağ mövzusunda yazılara həsr edib.
Nübar xanım 1933-cü ildə Qarabağda–Ağdam rayonunun Baş Qərvənd kəndində dünyaya göz açmışdı. Atası Əsəd kişi Qarabağdakı bəy nəslindən olduğuna görə, ona Əsəd bəy deyə müraciət edirmişlər (nənəmin danışdıqlarına istinadən). Nənəm həmişə “mən bəy qızıyam” deyə çox qürurla, iftixarla atasından danışardı. Əsəd baba köməyə ehtiyacı olanlara yardım edər, ona uzanan əli geri çevirməz, bir sözlə, adının yanındakı bəy isminin haqqını laiqincə verərmiş. Nübar xanım da bu üstün xarakterlərindən birini atasından almışdır.
Uşaqlıq çağları Böyük Vətən Müharibəsi illərilə üst-üstə düşdüyü üçün 5-ci sinfə qədər çətinliklə təhsil almışdı. 5-ci sinifdən etibarən təhsilini Ağdam şəhərindəki internat məktəbində davam etdirir və bitirdikdən sonra – 1949-cu ildə Müəllimlər İnstitutuna daxil olur. İnstitut təhsilini başa vurduqdan sonra təyinatla Tərtər rayonunun Hüsənli kəndinə göndərilmişdir. O, burada gələcək həyat yoldaşı Məcid müəllim Məmmədovla tanış olur, onunla ailə qurur və 1951-ci ildən rayonun Azadqaraqoyunlu kəndində yaşayır. Onlar birlikdə həmin kəndin məktəbində işləməyə başlayırlar.
Nübar xanım pedaqoji fəaliyyəti dövründə, əvvəlcə müəllim, sonra təlim-tərbiyə işləri üzrə müavin, daha sonra isə direktor işləmişdi. O, fəal müəllim kimi 1963-cü ildə partiya sıralarına qəbul edilib və uzun zaman məktəb ilk partiya təşkilatının katibi işləyib. “Aşıq Pəri” məclisinin fəal üzvü, 10-dan çox işıq üzü görən kitabın müəllifidir. Məqalələri, şeirləri bir çox qəzet və jurnalları bəzəyib.
Nənəm çox həyat dolu, mübariz, tarixdə iz salmış Tomris, Nüşabə, Həcər, Nigar kimi xanımlarla yarışacaq bir qadın olmuşdur. El anası, el qızı olaraq ad-sanıyla, fədakarlığıyla elinin, obasının qürur yeri olmuşdur. O, ixtisasca riyaziyyatçı olsa da, ədəbiyyata, folklora, yazarlığa çox marağı olub. Qarşısını kəsən maneələr belə onun qələminə əngəl ola bilməyib. Üstün zəkası, iti qələmi, yüksək dünyagörüşü ona bütün qapıları açmağa kömək edib. Hansı televiziyadan, hansı qəzet, jurnal redaksiyalarından kəndin tarixi ilə bağlı, Tərtər, Qarabağ haqqında məlumat toplamaq üçün qonaqlar gəlirdisə, Nübar xanımın evi bu məlumatların tam dolğun, müfəssəl qaynağı, mənbəyi olurdu. Ən yaxın, doğma bildiyi yazıları, məqalələri dərc olunan, ən özəl günlərinin unudulmadığı qəzetlərdən biri “Yeni Tərtər” qəzeti olub. Qəzetin baş redaktoru Svetlana xanım Bağırovayla tanışlıqları isə tam 40 illik bir zamana dayanır. Onlar həm dost, həm doğma, bir-birinə həmdəm, sirdaş olublar. Çətin və sevincli günlərində bir-birlərini həmişə yad ediblər, yəni bütün bunlar həm Nübar xanımın, həm Svetlana xanımın dilindən eşitdiklərimdir. Onların dostluqları, iş fəaliyyətləri barəsində lap çox danışmaq olar, lakin buna səhifələr yetməz.
Hər bir insan bu dünyada ölümə qovuşduğu kimi, Nübar Mədətli də 2021-ci il 26 sentyabr tarixində vəfat etdi. Ömür vəfa etsəydi, daha çox yaşayıb-yaradardı. Ən son işıq üzü görən kitabı “Məzarımın üstündə göyərən nəğmələrim” adlı kitab oldu. Həyatdan köçsə belə, doğrudan da yazan-yaradan bir şairin “nəğmələri” hər gün sanki “məzarının üstündə göyərir”. Sən bu dünya üçün ölə bilərsən, nənə, amma bizim üçün həmişə yaşayacaqsan–həyat təcrübələrinlə, verdiyin məsləhətlərlə, həyat dolu insanlığınla.
Aytən Kamilqızı
Redaksiyadan: Aytən xanım Nübar müəllimin Qarabağ mövzusu ilə bağlı yaradıcılığına çox geniş toxunmadı. Qarabağın dərdi, şəhidlərimizin qəhrəmanlığı, qaçqın və didərgin soydaşlarımızın üzləşdikləri çətinliklər onun həyatının, yaradıcılığının əsas qayəsini təşkil edib. Nübar müəllimin doğum günü Zəfər bayramımızla eyni günə təsadüf edir. 2020-ci ildə Zəfər Gününü doğum günü ilə bərabər qeyd etmək ona nəsib olmuşdu. İndi onun da ruhu şaddır. Bu Qələbəni həmişə həsrətlə gözləmiş, öz qələmi, ictimai fəaliyyətilə yaxınlaşdırmağa çalışmışdı.