Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində gənclərin növbəti “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsi start götürüb və iştirakçıların fəallığı şəraitində başa çatıb.
Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və ləyaqət ruhunu gücləndirimək, onları ordu sıralarında xidmətə hazırlamaq, mənəvi-psixoloji və hərbi-fiziki hazırlığı artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə gənclərlə görüşüb.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Sonra rayon rəhbəri gəncləri salamlayaraq, onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən Müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi, “Tərtər Ermənis-tanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.
Sonra Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev çıxış edərək gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək məqsədilə şanlı Zəfər tarixində Ordumuzun keçdiyi döyüş yolundan bəhs etmişlər.
Tərtər Olimpiya İdman kompleksində keçirilən hərbi-vətənpərvərlik düşərgəsində “Mübarizlər”, “Aslanlar”, “Canavar-lar”, “Şahinlər” və “Əqrəblər” komandalarının Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçirilib.
Düşərgədə Mingəçevir Dövlət Universitetinin 50 gənci birincilik uğrunda mübarizə apa-rıb.