Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Peşə Məktəbində müəllim, istehsalat təlimi ustaları və tələbələrlə görüşüb, təlim və tədris üçün onlara yaradılan şəraitlə tanış olub, kollektivə yeni dərs ilində uğurlar arzulayıb.
Rayon rəhbəri bildirib ki, bu gün ali təhsillə yanaşı, peşə təhsilinin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Yaradılan şərait pedaqoji heyətin qarşısında mühüm vəzifələr qoyur. Məktəbdə tədris olunan ixtisaslar üzrə peşəkar kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılmalı, tədris prosesi günün tələbləri səviyyəsində qurulmalıdır.
Qeyd olunub ki, Tərtər Peşə Məktəbi 1960-cı ildən fəaliyyət göstərir.
Məktəbin 5 mərtəbəli tədris binası heç vaxt əsaslı təmir edilmədiyindən yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyəti qəzalı vəziyyətdə idi. Uzun illər məktəbdə məcburi köçkünlər məskunlaşdığı üçün məktəb öz görkəmini tamamilə itirmişdi.
Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işləri aparıldıqdan sonra məktəb öz görkəmini dəyişib. Məktəbin 1, 2, 3-cü mərtəbələri tədris, 4 və 5-ci mərtəbələri isə yataqxana üçün nəzərdə tutulub.
Burada 332 nəfər tələbə tədris keçməklə müxtəlif peşələrə yiyələnir. Məktəbdə 45 nəfər çalışır ki, onların da 30 nəfəri 17 qrup üzrə usta və müəllim kimi fəaliyyət göstərir.
Hazırda Tərtər Peşə Məktəbində müasir standartlara və əmək bazarının dinamik və daim dəyişən tələblərinə uy-ğun ixtisaslar tədris olunur. Bu haqda rayon rəhbərinə məlumat verən məktəbin direkto-ru Əli Babayev bildirib ki, ha-zırda peşə məktəblərinə maraq xeyli artıb, əvvəlki illərdən fərqli olaraq peşə məktəbinə münasibət tamamilə dəyişib.
İndi məktəbimizdə müasir ixtisaslara – dərzi, geyim üzrə dizayner, xalçaçı, dayə, baytar, texnik, qaynaqçı, avto-elektrik, avtoçilingər, tikiş üzrə operator və sair ixtisaslara tələbələrin marağı daha böyukdür.
Direktor təqaüdlər haqqında da məlumat verib. Qeyd edib ki, əlaçılar 100 manat, zərbəçilər 80 manat, digərləri isə hər ay 66 manat təqaüd alır.
Məktənin Qaradağlı kəndində 20 hektar, Əksipara kəndində isə 50 hektar tədris-təcrübə sahəsi var. Onlar fermerlərlə müqavilə bağlayaraq birlikdə fəaliyyət göstərir, taxıl, günəbaxan əkib becərirlər. Bu il tədris-təcrübə sahəsindən müqavilə əsasında məktəbin hesabına 28000 manat vəsait köçüb.
Peşə məktəbinin məzunlarına verilən üstünlüklər barədə danışan direktor onu da deyib ki, işəgötürənlər indi peşə məktəbini bitirən ixtisaslı mütəxəssislərə üstünlük verirlər. Peşə məktəbinin məzunları kollec bitirənlərlə eyni səviy-yədə tutulur, onlarla birlikdə imtahanlarda iştirak edirlər, topladıqları bala uygun işlə təmin olunurlar.
Tərtər Peşə məktəbinin direktoru Əli Babayev və kollektivi Tərtər rayonunda təhsilə, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.