Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Okt

    Keçmiş döyüşçü, qazi Təhmuraz Muradov hal-hazırda Dəmirçilər kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləyir. Şagirdlər tarix yazan bu müəllimdən ilk növbədə Vətəni sevməyi, insanpərvərliyi, yoldaşlığı, qorxmazlığı öyrənirlər.
    Təhmuraz Gündüz oğlu Muradov 24 yanvar 1988-ci ildə rayonumuzun Sarov kəndində doğulub. 1994-2005-ci illərdə Sarov kənd tam orta məktəbində təhsil alıb. 2006-2007-ci illərdə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Bir müddət kəndlərində əkinbiçin işləri, heyvandarlıqla məşğul olub. Ancaq hiss edib ki, onun həyat amalı başqadır. Vətəni darda olan bir gənc kimi yenidən orduya qayıdıb. 2012-ci ildə snayperçilər kursunu bitirib. Aprel döyüşlərinin iştirakçısı olub.
    Təhmuraz təcrübəli snayperçi kimi püxtələşib.2016-2018-ci illərdə Azərbaycanda təşkil olunan snayper yarışlarında 1-ci yerə layiq görülüb. Bundan sonra ölkəmizi Belarusda təmsil edib. Fərdi yarışlarda Təhmuraz 1-ci yeri tutub,komanda yarışlarında isə ölkəmiz 6-cı olub.
    Sonradan Təhmuraz Muradov döyüş maşınının komandiri təyin edilib. Həmin dövrü xatırlayan döyüşçü deyir:
    –Mən və mənimlə birlikdə xidmət edən hər bir zabit, əsgər özümüzü işğal altında olan torpaqlarımızın azad edilməsi uğ-runda mübarizəyə hazırlayırdıq. Əmin idik ki, həmin gün gələcək. Fiziki və döyüş hazırlığımızı daim artırırdıq. Nəhayət, hər birimiz ürək çırpıntısı ilə o anın yetişdiyi xəbərini eşitdik… İndi təlimlərdə, yarışlarda yox, döyüş meydanında gücümüzü göstərməliydik.
    Təhmurazın xidmət etdiyi tabor Gülüstan istiqamətindən döyüşlərə qatılıb, sentyabrın 28-i günü Talış istiqamətinə keçiblər. Döyüş Qaranlıq meşədə, Ağuçuq deyilən yerdə davam edib.
    Təhmuraz deyir:
    –Bizim qarşımıza qoyulan vəzifə düşməni illərlə möh-kəmləndiyi yerlərdən təmizləyib, arxadan gələnlərə yol açmaq idi. Bilirdik ki, çətin tapşırıqdır. Çünki 30 il ərzində orada qalan ermənilər ərazini bizdən yaxşı tanıyırdılar.
    Bizim üstünlüyümüz isə şəxsiyyətdə olan ruh yüksəkliyi idi. Odur ki, düşmən qarşımızda tab gətirə bilmirdi, onların texnikasını sıradan çıxarır, özlərini zərərsizləşdirirdik. Təlimlərdə əldə etdiyimiz təcrübə də köməyimizə gəlirdi. Məhz burada əsgərlər arasında olan bir deyimin təsdiqini əyani surətdə gördük: “Təlimlərdə tər tökməsən, döyüşdə qan tökə bilmərsən”.
    Bu döyüş zamanı Təhmurazın idarə etdiyi BTR erməni BMP-2-si ilə qarşı-qarşıya gəlib. BMP-2 birbaşa şəxsi heyətin üstünə gedirdi.
    Bu barədə Təhmuraz belə danışır:
    –Hər iki maşın sürətlə gəlirdi. Bizim BTR erməni maşını-nın üzərinə çıxdı. Ancaq özümü itirmədim. Maşının içindəki düşmənləri zərərsizləşdirib, aşağı düşdüm. Bu zaman meşədən çıxan bir erməni məni ayağımdan iriçaplı PK silahı ilə vurdu. Yerə çırpıldım. O, məni ölmüş hesab edib, uşaqlara tərəf atəş açmağa başladı. Dəhşətli ağrıya baxmayaraq, mən onu da zərərsizləşdirdim. Sonra sürücüyə də maşından düşməyi əmr etdim. Yoldan çıxıb meşənin içərisinə tərəf sürünməyə başladım. Sürücü məndən bir neçə metr aralıda irəliləyirdi. Biz hadisə yerindən bir az uzaqlaşandan sonra hər iki maşın yanmağa başladı.
    Yaralı vəziyyətdə, dörd tərəfdən ermənilərin əhatəsində, meşədə Təhmuraz 12 əsgəri ilə birlikdə səhər saatlarından başlayaraq, axşam saat 7-dək dayana biliblər. Axşam saatlarında kömək gəlib və Ordumuzun güclü hücumu qarşısında ermənilər biabırçılıqla qaçmağa başlayıblar. Nə illərlə qurduqları istehkamlar, nə də havadarlarının səxavətlə göndərdikləri silah və sursat onları bu rüsvayçılıqdan qurtara bilməyib. Qalib gələn isə Təhmuraz kimi oğulların güclü ruhu, iradəsi, dəyanəti və igidliyi oldu.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:31

İsmarıclar bağlıdır.