Mülki şəhid Anar Quliyevin ailəsindəyik. Bizi şəhidin ömür-gün yoldaşı Esmira xa-nım qarşılayır. Uşaqlar hələ məktəbdədirlər. Ancaq hiss edirik ki, bu lal sükutun içində Esmira xanım tək deyil. Dörd tərəfə vurulmuş şəkillərdən Anarın qayğılı baxışları ona zillənib, sanki ürəkləndirir, “möhkəm ol”,– deyir.
Nəhayət o, söhbətə başlayır:
–Xoşbəxt olmaq üçün insana nə lazımdır? Bu kiçik mənzilimizdə Anar və mən özümüzü dünyanın xoşbəxti hiss edirdik. Düşünürdük ki, övladlarımızı da bu cür böyüdəcək, onlara təhsil verəcək, toylarını görəcəyik.
2020-ci il oktyabrın 20-də erməni cəlladlarının açdığı artilleriya atəşləri Anarın arzularını yarımçıq qoydu və bu yolu davam etdirməyin bütün ağırlığı Esmira xanımın çiyinlərinə düşdü.
Xatirələr isə bizi 18 il əvvələ, Anar və Esmiranın nişan gününə qaytarır:
–Ailələrimiz xeyli əvvəl qohum olmuşdu. Buna baxmayaraq, atam uzun müddət nikahımıza razılıq vermək istəmirdi. Lakin inadkarlığımızı görüb, razı oldular. Anarı yaxından tanıyandan sonra atam onu öz övladı kimi sevdi.
Ümumiyyətlə, ondan incimək, narazı qalmaq mümkün deyildi. Hamıya ürəkaçıqlığı ilə yanaşırdı. Sanki uşaqlığından yığılıb qalmış çətinliklərdən qəlbini təmizləmək, yüngülləşmək istəyirdi.Ən böyük arzusu övladlarına hüzurlu həyat yaşatmaq idi və bunu edirdi də. Çətin işlərdən qorxmurdu. Onun üçün birinci Vətən anlayışı, sonra ailəsiydi. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra üç il müddətində müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusu sıralarında xidmət edib. Zəfərimizə yol açan Aprel döyüşlərinin iştirakçısı olub. Bu unudulmaz günlərdə göstərdiyi fəallığa görə komandanlıq tərəfindən Fəxri Fərmana layiq görülüb.
2017-ci lin may ayında ordudan təxris olunan Anar Əliyev sürücülük fəaliyyətilə məşğul olub.
Həmin gün – oktyabrın 20-də, o, Bakıya çıxmağa hazırlaşmışdı. Əvvəlcə Cəmilli kəndinə, Esmiranın valideynlərigilə gedib. Onlarda biraz dincəlmək istəyib. Elə bu zaman telefonuna zəng gəlib. Qonşu, adaşı, hərbçi Anar İsaxov idi. O, döyüşlərdə yaralandığı üçün müalicədən sonra bir neçə günlük evlərinə gəlmişdi. Hər iki Anar hal-əhval tutmaq üçün həyətə çıxıblar. Elə bu zaman namərd düşmənin atdığı artilleriya mərmisi gənclərin arasına düşərək onların həyatına son qoyub.
Esmira xanım deyir:
–Həmin hadisədən ötən 4 il ərzində övladlarımız çox böyüyüblər, xüsusən də Elnar. Hər üçü şəhər 6 saylı tam orta məktəbində təhsil alır. Dərslərində, ictimai işlərdə fəaldırlar. Atalarına layiq olmağa çalışırlar. Sağolsun rayon rəhbəri, mənim işlə təmin olunmağıma köməklik göstərib, vaxtaşırı ailəmizdə olub vəziyyətimizlə maraqlanırlar. İndi, şükür, dolanırıq, ancaq Anarın yoxluğuna hələ də inana bilmirik. Arzum budur ki, bir daha müharibə olmasın, uşaq-lar atalı-analı böyüsünlər.
Svetlana BAĞIROVA