Hər bir problemin həlli zamanla tapılır
Həyat başlar və bitər. Onun necə başlayıb, harada sona çatdığı əsas deyil. Əsas odur ki, həyatda cinayətdən və cinayətkardan uzaq olasan. Müasir dövrün insanları problemlə qarşılaşdıqca, bütün həll yollarının tükəndiyini hiss etdikdə cinayəti yeganə çıxış yolu kimi görür. Cinayət etmək istəyənlərin əksəriyyəti əslində sonu fikirləşmirlər. Onlar həyatda öz ümidlərini itirir, hər şeyə ümidsiz yanaşırlar. Bu zaman qara dalğalar ruhu bürüyür və həyat, ümidlər bütün mənasını itirir. İnsanın ümdini itirməsilə qorxu hissi yox olur və bu cür insanların psixologiyasında pozğunluqlar əmələ gəlir. Bu cür insanlara psixoanomaliyalı şəxs deyilir.Onlar elə bilir ki, dolaşıq bir düyünə düşüb və oradan çıxa bilmir.
Cinayət etmək istəyənlərin əksəriyyəti əslində anlaqlı vəziyyətdə olmur. Son onilliklərdə dünyada baş verən qlobal hadisələr səbəbindən insanın psixi sağlamlığında bir sıra problemlər yaranmışdır və elə bu səbəbdən də əhali arasında zəif psxikaya malik olan kifayət qədər insan var. Ona görə də cəmiyyətdə problemli insanlara daim fərqli yanaşmaq olduqca vacibdir. Bu, onlarda yeni psixoloji təsəvvürlərin yaradılması, özünüdərkin inkişafı və emosional sferaya münasibətdə həyata keçirilməlidir. Hazırda insanlarda sağlam həyat tərzinin formalaşdırılması yeniyetmələrlə aparılan praktik işin tərkib hissəsi olmalıdır.
Çünki insan problemi, onun kim olduğu, mövcudluğu və amalı elmlər içərisində ən qədim və həmişə müzakirə olunan bir mövzudur. İnsanın fikri, düşüncəsi, əqli hansı tərəfə yönəlirsə, mərkəzdə onun həyatı, ətraf aləmlə qarşılıqlı münasibətləri də bu istiqamətdə dəyişir.
Bəli, bu gün toxunacağımız mövzu cinayət törədən zaman insanın anlaqlı və anlaqsız vəziyyətdə olmasıdır. Bəs, insanı cinayətə vadar edən səbəb nədir?
İnsanı həyatdan və öz canından bezdirəcək həddə çatdıran bu ”qara kabus” niyə ən çox çıxış yolu kimi görünür? İlk öncə bu kimi halların baş verməsi tək bir səbəblə kifayətlənmir. Buraya qısqanclıq, ya dolanışıq ucbatından, namus üstündə, bir sözü həzm etməmək üstündə, ətraf mühitin təzyiqi və s… kimi məsələlər daxildir. Çoxunda isə depressiya hallarının davamlı müşahidə olunması danılmaz faktlardan biridir. Bugünkü günümüzdə insanlar həddən artıq qəddarlıq, laqeydlik, xəyanət, nifrət və digər oxşar keyfiyyətlər nümayiş etdirirlər. Bu isə insanlarda gərginliyi artırır, problemlərin həlli yolu kimi cinayətə müraciət etmələrinə səbəb olur. Yaddan çıxarmaq olmaz ki, bəzi insanların uğurları və əldə etdikləri bizim malik olduqlarımızdan daha azdır, amma onlar xoşbəxtdirlər. Baxın, bu, əsl müdriklikdir. Hər birimiz həyatımızı dəyərləndirməyə, mənalı etməyə çalışmalıyıq. Ətrafdakıla-rımızı sevməliyik. Sadəcə sevmək və bilmək lazımdır ki, həyatımız kimin üçünsə çox dəyərlidir.
Bir şeyi unutmaq olmaz ki, bu gün şərait nə qədər çıxılmaz gö-rünsə də, ondan çıxış yolu zamanla tapılacaq. Səbir nümayiş et-dirsək görərik ki, həyatda hər şey yaxşıya doğru dəyişir. Lakin son zamanlar insanlarda səbir azalıb. Hər bir işi tez həyata keçirmək istəyirlər və bütün həll yollarının tükəndiyini hiss etdikdə ci-nayətə əl atırlar. Bu cinayət növünün bir qolu da özünəqəsd, intihardır. İntihara əsas səbəb psixi pozğunluq həddinə çatmaqdır.
İntihara cəhdin səbəbləri də müxtəlifdir. Məsələn, bu sıraya psixotrik səbəblərdən depressiya, spirtli içkilərə və narkotik maddələrə aludəçilik, şəxsiyyət pozuntusu daxildir. Eşidəndə ki, kimsə cinayət edib, ya adam öldürüb, ya oğurluq edib, kimisə yaralayıb, insan həyatını təhlükəyə atıb və ya intihara cəhd edib, bu acı xəbərdən sarsılırıq. Necə ola bilər ki, insan sevdiyi dostlarını, yaxınlarını, əzizlərini tək qoyaraq, onları çıxılmaz vəziyyətə qoyaraq, cinayət etməyə qərar verir. Düzdü, bunların içərisində psixoanomaliyalı şəxslər də var. Onlar cinayət edərkən çox zaman anlaqsız vəziyyətdə olur. Məsələn, öz kəndimizdə yaşayan bir nəfəri misal çəkmək istəyirəm. D. adlı bir şəxs özünün 5 yaşlı oğlunu balta ilə öldürmüşdü. Səbəb kimi isə öz həyat yoldaşının ona xəyanət etməsini göstərirdi. Belə neçə-neçə misallar gətirmək olar. Bir şeyi bilməliyik ki, normal halda insanın psixikası, psixoloji vəziyyəti taraz olur. Bu və digər səbəbdən tarazlıq pozulur. Hələ qədim dövrlərdən psixikada tarazlığın pozulması psixoloji gərginlik yaradan səbəblərdən biri kimi insanlara bəlli olub. Hind, Çin, Misir, Türk mənbələrində bu barədə geniş bəhs olunur. Həmin mənbələrdə psixoloji vəziyyətin dəyişməsi “həyat gücünün azalması” kimi izah edilir. Bu gün ən acınacaqlısı odur ki, insanlar yaşından və milliyyətindən asılı olmayaraq, intihar edərək həyatla vidalaşırlar. Uşaq da, ahıl da psixoloji sarsıntılardan əzab çəkərək həyatda yaşamaqdansa, ölümə üstünlük verir. Lakin unutmayaq ki, İslam dinimiz intihar hadisəsinə haqq qazandırmır, əksinə, ona qarşı etiraz edir.
Sonda Yunan filosofu Heraklitin fikrini də xatırlamaq istərdim: “İnsan həyatı ilə ölür, ölümü ilə yaşayır. Ölümlə ölməzliyə qovuşmaq xoşbəxtlik, ölümlə yaxınlarına fəlakət gətirmək isə bədbəxtlikdir.”
Gəlin hamılıqla həyatımızı elə quraq ki, anlaqlı, istərsə də anlaqsız vəziyyətdə cinayətdən və cinayətkardan uzaq olaq. Bir şeyi unutmaq olmaz ki, şərait bu gün nə qədər çıxılmaz görünsə də, ondan çıxış yolu zamanla tapılacaq. Hər şey ola bilər və inanın onlar öz – özlüyündə olduqca möhtəşəmdir. Hər bir insana, istər psixi sağlam, istərsə psixoanomaliyalı insanlara həmişə aşılamaq lazımdır ki, həyat dəyərli olduğu üçün yaşamaq lazımdır. Özün üçün, sevdiklərin üçün yaşamaq lazımdır. Psixoanomaliyalı vəziyyət bu gün müasir həyatımızda da ən çox rast gəlinən hallardır. İnsanların, ən çox da azyaşlıların həyatdan aldıqları mənəvi zərbələr onların həyat eşqinə, yaşamaq həvəsinə böyük əngəllər törədir. Ona görə də bu vəziyyəti aradan qaldırmaq, ətrafımızdakı psixoanomaliyalı şəxslərə kömək etmək hər birimizin vəzifəsidir. Ən çox da məktəb psixoloqunun üzərinə düşən vəzifələrdən biri məktəbdə bu hallara qarşı diqqətli olmaq və belə şagirdlərə həssas yanaşmaqdır. Bu baxımdan biz də öz üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edir və daima diqqətli olmağa çalışırıq.
Gülxar ABBASOVA, Tərtər Təhsil
Sektorunun psixoloqu