Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları ilə birlikdə 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanla tanış olublar.
Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotositentlərə və ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Tərtər rayonunun infrasturkturuna dəymiş ziyanla bağlı qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna 16.277 top, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində yaşayış evləri, sosial obyektlər, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumitəhsil müəssisəsinə, ilk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına, qeyri-yaşayış sahələrinə güclü ziyan dəyib.
İşçi qrupu tərəfindən əmlaklarına ziyan dəymiş vətəndaşların müraciətləri ilə bağlı 7050 baxış keçirilib. 60 fərdi yaşayış evi, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt, 8 nəqliyyat vasitəsi tamamilə dağılıb, 5344 fərdi yaşayış evinə, 301 qeyri yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 30 inzibati binaya, kənd təsərrüfatı texnikalarına, əkin sahələrinə, iri və xırda buynuzlu mal-qaraya, arı ailəsinə bu və digər formada ziyan dəyib.
Erməni Silahlı Qüvvələrinin Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər yaralanıb.
Sonra qonaqlar rayon icra hakimiyyətinin başçısı ilə birlikdə çay süfrəsi arxasında əyləşərək, Vətən müharibəsi zamanı rayona dəymiş ziyanı müzakirə ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov qonaqlarla birlikdə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı-Şəhidlər” parkında ağac əkiblər.
Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.