Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyənin Medicalpark Xəstəxanasında ürək əməliyyatı keçirən anası Səadət Bağırovanı evində ziyarət edib.
İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edib, qürur duyur. Azərbaycan xalqı və dövləti var olduqca şəhid-lərimiz də qəlblərdə əbədi yaşayacaq.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərində anadan olub. O, 2020-ci ilin 17-18 avqustunda Azərbaycan –Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mirsədi Bağırlı ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
-
03Okt
Müəllif: Redaktor, 09:54