Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində 60 illik yubileyi münasibəti ilə şəhid Surxayzadə Cahangirin atası Hətəm Əliyevi ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin mənəvi borcudur.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 10-da Tərtər rayonunun Azadqaraqoyunlu kəndində dəfn olunub.
Şəhid Surxayzadə Cahangir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.