“Zəif olmağa haqqım yoxdur, Aysənanın övladlarını onun arzuladığı kimi böyütməliyəm”
Vətən oldu oğullar!
Aysənan və Təkminənin 5 illik xoşbəxt həyatı və əbədiyyətə qədər davam edəcək məhəbbət hekayəsi milli-mənəvi dəyərimizin canlı nümunəsidir, kövrək notlarla yazılmış bir həyat simfoniyasıdır.
20 sentyabr – bu ildən Suverenlik Günü kimi qeyd etdiyimiz tarix Aysənan və Təkminənin toy gününə təsadüf edir. Biz bunu əvvəlcədən bilmirdik, ancaq nədənsə elə həmin gün Aysənanın ailəsini ziyarət etməyi qərara almışdıq. Onun atası Əsgər kişi ilə, övladları Banu və Timurla görüşəndən sonra vaxtilə Aysənanla Təkminənin xoşbəxt günlərinə şahidlik edən evə daxil olduq. Onlar yanaşı oturdular – iki güclü qadın – biri ana, biri yarıyolda qalan ömrün ömür-gün yoldaşı.
Sükutu Təkminə xanım pozdu:
– Ailəmiz İmişli rayonunun Göbəktala kəndində yaşayır. 2015-ci ilin sentyabr ayının əvvəlində bizi Tərtər rayonunun Seydimli kəndinə toya dəvət etmişdilər. Mən onda tələbəydim, Bakıda Tibb Kollecində təhsil alırdım. Aysənan da toyda idi. O, hərbi geyimdəydi. Sonradan öyrəndim ki, həmin toya komandiri, şəhid kapitan Nəcməddin Savalanovla gəlmişdi. Sonralar o da şəhid oldu. Məclisdə hamı hərbçilərə hörmətlə yanaşırdı. Aysənan musiqi sifariş etdi və məni qohum qızlarla birlikdə rəqsə çağırdı. Ancaq rəqsimiz yarımçıq qaldı. Ona zəng gəldi və tələsik hamı ilə sağollaşıb getdi. Lakin bu qısa görüş kifayət etmişdi ki, ruhumuz əbədi birləşsin. Bundan sonra valideynləri elçi gəldilər. Cəmi bir neçə gün sonra – sentyabrın 20-də isə toyumuz oldu. İndi Aysənan yoxdur, amma mənim qəlbimdə iki ruh var – onun və özümün. Yaşamağa gücü də bundan alıram. Onun özü kimi möhkəm, iradəli, ailəcanlı olmağa çalışıram. Heç zaman unutmayacağım o xoşbəxt təsadüf ömrümün mənasını dəyişdi.
Şəhidin anası Rəna xanım dedi ki, Aysənan həmişə və hər yerdə birinciydi: “Orta məktəbdə təhsili və tərbiyəsi, orduda nümunəvi xidmətilə fərqlənirdi. Doqquzuncu sinif şəhadətnaməsində cəmi iki fəndən “4”-ü olmuşdu. Həqiqi hərbi xidməti zamanı, sonradan isə müddətdən artıq hərbi qulluqçu olanda ailəmizə o qədər təşəkkür məktubu gəlirdi ki…”
Bu yerdə Təkminə xanım söhbətə qoşuldu:
– Onun gəlişi həmişə gözlənilməz olurdu. Ona görə ki, kəşfiyyatçıydı, bizə heç nəyi bildirmirdi, yalnız çətin döyüşlərdən öncə azacıq da olsa vaxt tapıb görüşmək üçün gəlirdi. Tovuz döyüşləri ərəfəsiydi. Mən atamgildəydim. Gecə atamın telefonuna zəng gəldi. Dedi ki, Aysənandır, nəsə demək istəyir. Çox narahat oldum. Bildirdi ki, çölə çıx gəlirəm. Həyətdəki ağacın altında oturub xeyli söhbət etdik. Gəldiyi kimi də tələsik geri qayıtdı. Sonradan öyrəndim ki, çətin tapşırıq almışdı. Ona görə də komandirindən icazə alıb bir o qədər yolu İmişliyə gəlmişdi… yəqin fikirləşib ki, şəhid ola bilər. Bizimsə belə şeylər ağlımıza gəlmirdi. Çünki o, elə güclü, qorxmaz idi ki… Odur ki, indinin özündə elə bilirik yenə gözlənilmədən maşın dayanacaq və Aysənan üzündəki həmin mehriban təbəssümlə içəri girib övladlarını bağrına basacaq, hazırladığımız xörəyi tələm-tələsik yeyib gedəcək. Hə, onu da deyim ki, qızı Banunu buyurmağı çox sevirdi. İstəyirdi qızı ona qulluq eləsin. Bundan zövq alırdı. Sanki atalıq hissinin ləzzətini doyunca yaşamağa tələsirdi. Timuru da çox istəyirdi. Amma Timur kiçik idi. Onun ürəyindəkilərini hələ başa düşə bilmirdi. Banuya isə hər şeyi danışırdı – arzularını, onlarla bağlı gələcək planlarını…
Bu dəfə Rəna ana mövzunu dəyişir:
– Oğlum ilk dəfə Aprel döyüşlərində yaralandı. İki ay Bakıda hospitalda müalicə olundu. Sağalan kimi yenidən hərbi hissəyə qayıtdı. İyunun 26-da isə qızı Banu dünyaya gəldi. O qədər sevinirdi ki, xəstəxanaya böyük bir gül dəstəsi ilə gəlmişdi. Aprel hadisələrində Aysənanın fəaliyyəti komandanlığın xüsusi diqqətini cəlb etmişdi. Çünki həm kəşfiyyatçı, həm də minatəmizləyən idi. Hara getsə, təhlükəli yerlərdən yoldaşlarını sağ-salamat keçirirdi. Aprel hadisələrindəki qələbəmizlə çox qürur duyurdu Aysənan.
Təkminə xanım dedi ki, Aysənan həm valideynlərinə, həm də ailəsinə münasibətdə çox mehriban və diqqətliydi: “Anasının qarşısında uşaq kimi olurdu. Hərbçi həyatının çətinliklərinə baxmayaraq, ad günlərimizi, əlamətdar hadisələri təbrik etməyi unutmurdu. Yanvarın 15-də mənim doğum günümdür. Bir dəfə həmin gün ondan zəng gəlmədi. Bilirdim ki, yüksəklikdə- dağdadır. Buna baxmayaraq, bütün günü oturub ağladım. Səhərisi gün zəng etdi, biləndə ki, ağlamışam, güldü. Dedi, bu mənim yox, şəbəkənin günahıdır, heç sənin ad gününü unuda bilərəm? İndi onun təbrikini eşitmək üçün məzarını ziyarət edirik, mən də, uşaqlar da. Bu il Timur 1-ci sinfə getdi. Əvvəlcə məzarı üstə gedib xeyir-duasını aldıq. Bilirik ki, ruhu bizimlədir, bundan güc alıram. Əvvəllər hər şeydən inciyər, ağlayardım. İndi heç kim mənim ağlamağımı görə bilməz. Göz yaşlarım yaralı ürəyimin məlhəmidir, təsəllisidir.
O, yanağımdan süzülə bilməz, ürəyimə axar ki, kimsə görməsin. Aysənan həmişə mənimlədir. Bir günüm, bir anım onsuz deyil. Bir də ki, zəif olmağa haqqım yoxdur. Uşaqları onun istədiyi kimi böyütməliyəm”.
Sentyabr ayı bu ailə üçün həm sevinc, həm də kədər ayıdır. Sentyabrda evləniblər, düz 5 ildən sonra – sentyabr ayında Aysənan şəhidliyə qovuşub. Sonuncu dəfə sentyabrın 15-də evlərinə gəlib. Uşaqlarına bazarlıq edib, hədiyyələr alıb, anası ilə söhbət edib, ailəsini ona tapşırıb. Sonra da deyib ki, Təkminəni uşaqlarla birlikdə bir neçə günlük İmişliyə atasıgilə göndərin. Görüşüblər, gedərkən yenə gözləri ilə vidalaşıb. Deyə bilmədiyi sözləri gözləri söyləyib.
Son dəfə isə sentyabrın 30-da zəng edib. Deyirlər ki, həmin gün Aysənan yaralıymış. Ancaq bu barədə ailəsinə heç nə deməyib. Çünki qarşıda mühüm tapşırıq vardı. Murovdağ düşməndən azad edilməliydi. Aysənan minalanmış yolu açmalıydı.
O, ayağının yarasını bağlayıb ərazini zəncirvari minalardan təmizlədi. İndi yoldaşları sərbəst irəliyə bilərdilər.
Sentyabrın 30-dan sonra onunla əlaqə kəsildi. Ananın getmədiyi yer, döymədiyi qapı qalmadı. Nəhayət, bir gün Rəna ana yarıyuxulu, yarıoyaq vəziyyətdə olarkən Aysənan özü onun gözünə görünür, palçığa bulaşmış əlini çiyninə qoyub sakitcə deyir ki, məni döyüş yoldaşım Soltandan soruş. Ana Soltanı tapır və oğlunun şəhid olması barədə xəbəri öyrənir. Həmin günün səhəri – dekabrın 12-də bu xəbəri anaya rəsmi qurumlar da çatdırırlar.
* * *
Aysənan Abbasov 1992-ci ildə – Qarabağ uğrunda müharibənin qızğın çağında dünyaya göz açmışdı. Hələ dünyaya gəlməmiş ananın yuxuda gördüyü ağsaçlı bir insan onun adını Aysənan qoymağı tapşırmışdı. Bəlkə bu, uşağın gələcək taleyinə bir işarəymiş. Şərəflə, qeyrətlə yaşayan Aysənan torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. İndi həmin orden-medallar və bir də şərəfli ad Aysənandan ailəsinə qalan ən böyük və əvəzsiz sərvətdir.
Svetlana BAĞIROVA,
“Yeni Tərtər” qəzetinin baş redaktoru
“Azərbaycan”, 28 sentyabr 2024-cü il