Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 03Okt

    NARINCLAR KƏNDİ

    Narınclar Ağdərə rayonunun qərbində ən ucqar dağ kəndlərindən biridir. Narınclar kəndi rayon mərkəzindən 76 km məsafədə dağətəyi maili düzənlik ərazidə yerləşir. Kənd Qırxqız, Pirdağı dağları və məşhur Taxtabaşı adlı yer ilə əhatə olunub. Xaçınçay öz başlanğıcını bu dağlardan götürür. Narınclar kəndi şimaldan Kəlbəcər rayonu, cənubdan Ağdərə və Ağdam rayonları, Qərbdən Laçın rayonu ilə əhatə olunmuşdur. Ağdərə rayonunun Vəngli, Qozlu kəndlərinin ərazisi ilə əhatələnmişdir.

    Kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar. Narınclar kəndinin ərazisi İs mayıl bəy tərəfindən qızı Narınca cehiz qismində bağışlanıb. Bu evliliyin timsalında əcdadlarımızın əlamətləri nəsildən nəsilə ötürülmüşdür. El arasında bu yurd Kolanı Narıncları kimi tanınır.
    Dəyərli ziyalımız, tarixçi alim Nizami Əjdər oğlunun Narınclar kəndinin tarixinə həsr olunmuş və Qarabağ tarixinə, bütövlükdə Azərbaycan tarixinə dəyərli tövhə olan 396 səhifədən ibarət “Zəfərdən El-oba irsimizə” adlı monoqrafiyası Narınclar kəndinin tarixi haqqında olduqca dəyərli mənbədir. Ona istinadən kənd haqqında bəzi məlumatlar da “Qarabağın Ağdərəsi” adlı monoqrafiyasında öz əksini tapmışdır.
    Narınclar kəndi həm də Alban abidələri ilə zəngindir. Pirdağın zirvəsində böyük bir pirziyarətgah yerləşir. Qarabağın hörmətli və nüfuzlu seyid nəsli, peyğəmbər, imam övladı Məşədi Seyid Rza ağanın məqbərəsi ziyarətgah idi.
    Narınclar kəndinin ziyalısı, tarixçi alim Nizami Əjdər oğlunun sözügedən dəyərli monoqrafiyasında yazdığı tarixi məlumatlara əsasən XII-XVIII əsrdə kənd ərazisi Xaçın məlikliyinə tabe olub. Ağdərə kəndlərində 1920-ci il avqustun 22-də kənd təsərrüfatı artelinin, avqustun 24-də isə kommunalların yaradılması barədə Nizamnamə qəbul edildi. Ağdərə rayonunda kollektivləşmənin faizi 1934-cü ildə 67,0, 1937-ci ildə 91,7, 1940-cı ildə 99,1, 1941-ci ildə 99,8 olmuşdur. Narınclar kəndində kollektiv təsərrüfat (kolxoz) 1937-ci ildə yaradılmışdır. Həmin ildən kolxoz sədri, 1955-ci ildən isə kənd sovei sədri, yəni hazırkı icra nümayəndəsi təyin olunmuşdur:
    Həsən Məmmədov 1937-1940-cı illər
    Əli Məmmədov 1940-1945-ci illər
    Səfiqulu Cəfərov 1945-1946-cı illər
    Məhərrəm Məmmədov 1946-1947-ci illər
    Həsən Məmmədov 1947-1951-ci illər
    Mustafa Fərzəliyev 1952-1959-cu illər
    Əjdər Məmmədov 1959-1963-cü illər
    Bahadur Fərzəliyev 1963-1964-cü illər
    Cümşüd Baxşəliyev 1964-1969-cu illər
    Hidayət Baxşəliyev 1969-1974-cü illər
    Cümşüd Baxşəliyev 1974-1976-cı illər
    Narınclar kənd sovetinin sədri vəzifəsində Bahadur Fərzəliyev, Həsən Rüstəmov, Hidayət Baxşəliyev, Simuzər Məmmədova, Gündüz Fərzəliyev çalışmışlar, hazırkı icra nümayəndəsi Çingiz Məmmədovdur.
    1941-1945-ci illərdə ordu sıralarına səfərbər olunmuş və Böyük Vətən müharibəsi cəbhəsinə göndərilmiş 24 nəfər Narınclar sakininin cəmi 9 nəfəri qayıdıb, 15 nəfəri isə qayıtmayıb.
    Narınclar kəndinin təhsil ta-rixi müəyyən mərhələlərdən keçmişdir. İlk vaxtlar ibtidai təhsil (I-IV siniflər) dövrü olmuşdur. O dövrdə Bahadur müəllim, Əmir müəllim, Xanlar müəllim, Yunis müəllim, Surxay müəllim, Böyükkişi müəllim, Firudin müəllim, Cəlal müəllim pedaqoji fəaliyyətlərində uşaqların təlim-tərbiyəsində bilik və bacarıqlarını əsirgəməmişdir. Eyni zamanda ixtisas fənni üzrə müəllim çatışmazlığı olmuşdur. Orta məktəb təhsilinin müddəti 7 illik, 8 illik, 10 illik və 11 illiyə qədər artmışdır. Narınclar kəndində bu illər ərzində ziyalılar və mütəxəssislər yetişmişdir.
    Sovet dövründə Narınclar kəndində 69 ev mövcud olmuşdur. Ümumiyyətlə, işğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb. İşğala qədər Narınclar kəndinin əhalisinin sayı 650 nəfər olmuşdur. Hazırda kənd əhalisinin sayı 579 nəfər, 157 ailədən ibarətdir.
    Narıncların əvvəl Qaratəpədə (Bərdə), sonra isə İmişli rayonunun Məmmədli qəsəbəsində qışlaq yeri olub. Hazırda Kürdəmir rayon mərkəzinə yaxın ərazidə Narınclar camaatı üçün yeni qəsəbə salınmışdır.
    Kəndin mövcud olmuş inzibati binaları. Məktəb, kənd sovetinin ikimərtəbəli binası, klub, tibb məntəqəsi, poçt, kənd kitabxanası, keçmiş sovxozun inzibati idarə binası, yem anbarı-2, mağaza və un, duz anbarı, İmam evi, qara mal tövləsi-2 ədəd, at tövləsi-1, subay mal tövləsi-5, pendir və süd məntəqəsi “Pirin dağında” Ay doğanda1, Kaha və Zagalar-4 ədəd, Qazı bulağından 3000 metrlikdən su kəməri çəkilmişdir.
    Kəndin Taxta düzü adlanan ərazisindəki 150 hektarlıq sahəsi elat köçünün müvəqqəti gecələməsi üçün ayrılmışdır.
    Narınclar əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, tütünçülük olub. Xırmanlarda qədim yazısı olan dəyirman daşı aşkar edilmişdir. Bu, kəndin tarixinin olduqca qədim olduğuna dəlalət edir. Saxtakar xislətin fəal nümayəndəsi olan ermənilər bu tapıntının izini itirmək məqsədi ilə Hollandiyaya aparıblar.
    Narıncların Taxtabaşında olan qədim dəyirmanı Laçın, Kəlbəcər kəndlərini təmin edirdi. Buradan eləcə də yüksək gərginlikli elektrik xətti keçirdi. Bütün qonşu rayonlara maşın yolları mövcud olmuşdu.
    Yaylaqları. Aydoğan yurd, Qızılyoxuş yurdu, Dikdaş yurdu, Taxtalar yurdu, Taxtabuşduyal yurdu, Taxtabaşı yurdu, Pirin dağı yurd.
    Bulaqları. Qazı bulağı, Kor bulaq, Təhnəli bulaq, Qurban bəyin bulağı, Novruz çalanın bulağı, Göy bulaq, Təhməzin bulağı, Türvəndənin bulağı, Kup bulaq, Sızqa bulaq, Turş su, Hidinin bulağı, Sulu qaya.
    Məşhur yerləri. Dəflər, Göydərə, Taxtapuşlu yal, Böyük Aşıq Səlim yurdu, Kiçik Aşıq Səlim yurdu, Pirin dağı,Qızıl yoxuş Aydoğan dağı, Yurdlar, Qanqallı, Saryal, Bacıxanımdüşən, Qərvənd yalı, Qırmızı güney, Böyükdüz, Əlinin yeri, Durağın yurdu, Adıgözəlin zağası, İbrahim düşən, Çoban yurdu, Yumrutəpə, Sarıqaya, Qaraqaya, Bulağın dərəsi, Qızıl yoxuş, Sulu Qaya, Xam Qaya, Duva Daşı, Plan qoyulan, Kəmərlər, Cındırlı Pir, Yasovullar, Battaxlı, Qaraqaya, Qərvənd Yurdu, Ağqaya, Gülmalıölən dərə, Qumqazılan, Xaçın çayı.
    Binələri və Qışlaqları. Dəmirli tovla binəsi, Damlar binəsi, Qərvənd yurdu, Sırxavənd yurdu, Dəyirmanın üstü binə, Çala yurd, Dəflər (Məzahir Təhməzov. Kəlbəcər Ensiklopedik məlumatlar. Toponimlər, fotoşəkillər, xəritələr).
    Narınclar kəndi ərazisində köhnə məktəb binası 2 mərtəbəli, yeni məktəb binası 1 mərtəbəli lahiyə əsasında inşa edilmişdir. Narınclarda hər bir ailənin daşdan tikilmiş evi və həyətyanı torpaq sahəsi var idi. Evlər 1 və 2 mərtəbəli olmaqla, özünəməxsus memarlıq xüsusiyyətlərinə malik idi.
    Dağları. Qoca yurd, Qara-canlı qayası, Pirin dağı, Ağqaya, Qırxqız.
    Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Narınclar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra əhalisi respublikanın 19 rayonuna səpələnib. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
    Narınclar kəndinin 5 şəhidi var. Əlövsət Kamran oğlu Tahirov ( hazırda Kəlbəcər rayon 29 saylı Narınclar kənd orta məktəbi Əlövsət Tahirovun adını daşıyır), Zahid Kamal oğlu Şükürov, Natiq Xurşud oğlu Abdullayev, Ələkbər Umud oğlu Əsədov, Təhməz Muxtar oğlu Baxşalıyev.
    10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra Narınclar kəndi 25 noyabr 2020-ci ildə boşaldılıb. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

    Türkan QASIMOVA,
    BDU-nun dissertantı

     

    Müəllif: Redaktor, 08:58

İsmarıclar bağlıdır.