Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Sen

    Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib.

    Dövlət başçısı bildirib ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.

    Qeyri-neft sektorunun inkişafında müsbət tendensiyanı qeyd edən Prezident bildirib ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik.

    Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək.

    Bildirilib ki, hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Neft-qaz sahəsində templər müsbət olacaqdır.

    Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir.

    Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik.

    Dövlət başçısı söyləyib ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, – nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, – gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq.

    Xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb.

    Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir. Yeni sənaye parkları yaradılır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük.

    Prezident İlham Əliyev deyib: “Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək”.

    Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Bunlar ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr – bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq.

    Qeyd olunub ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.

     

    Müəllif: Redaktor, 15:00

İsmarıclar bağlıdır.