Nəqliyyat vasitələrinin həyatımızda rolu olduqca önəmlidir. Bu vasitələrdən faydalanmaq üçün onlardan təhlükəsiz şəkildə istifadə etməyi bilmək lazımdır. Bu, təkcə nəqliyyat vasitələrinin idarə edilməsini nəzərdə tutmur, eyni zamanda piyada və sərnişin kimi təhlükəsizlik qaydalarına ciddi riayət edilməsidir. Müəyyən yaşa çatdıqda, təhlükə haqda dünya-görüşümüz formalaşdıqca hər birimiz yol qaydalarına daha ciddi riayət edirik. Lakin məsuliyyətimiz bununla bitmir. Uşaqların bu barədə məlumatlılığı, təhlükəsizliyi də bizim üzərimizə düşür.
Yollarda böyüklərin qeyri-düzgün davranışı, laqeydliyi az təsadüf etdiyimiz hallardan deyil.
Sürətlə gələn maşının qarşısından qaçan, işıqforun qadağanedici siqnalında yolu keçən, avtobus hərəkətdəykən ona minməyə və ya ondan düşməyə çalışan insanlar haqda nümunələr çoxdur. Bəs bunları görən uşaqlar necə davranacaqlar?! Bu səbəbdən məsuliyyətimizin fərqinə ciddi varmalıyıq.
Müxtəlif vasitələrlə uşaqların yol qaydalarını öyrənməsinə, yol təhlükəsizliyi ilə bağlı maariflənmələrinə çalışmalı, ilk növbədə onlarda küçədəki təhlükələr haqqında təsəvvür yaratmalıyıq. Bu sahədə təsəvvürü olmayan uşaq küçədə istədiyi kimi davranar, təhlükənin, bədbəxt hadisənin nə olduğunu anlamaz. Uşağı başa salarkən bu bilgiləri öz sözlərimizlə, onları yormadan, yaş-larına və dünyagörüşlərinə uyğun tərzdə çatdırmalıyıq. Belə maarifləndirməni hər hansı bir oyun şəklində də qurmaq olar. Yaxud əyani şəkildə, yolda olarkən, parka çıxarkən maraqlı söhbət şəklində də etmək olar. Məsələn; işıqfor quraşdırılmış yerdən bir neçə dəfə keçin, bu zaman işıqforun hansı işığında keçmək lazım olduğunu uşağa izah edib, ətrafda yol hərəkət qaydalarını pozan varsa, o şəxsləri uşağa göstərib, səhvlərinin və bu halda hansı hərəkətin düzgün olmasını ona izah etmək lazımdır. Uşaqlar bilməlidirlər ki, nəqliyyat vasitəsinin qarşısında və ya arxasında dayanmaq olmaz! Sürücü onları görməyə də bilər və bu bədbəxt hadisə ilə nəticələnər. Bir çox təhsil müəssisələri məktəblilərin evlərindən uzaqda yerləşir. Avtobuslar-dan istifadə edən uşaqlara izah edilməlidir ki, nəqliyyat vasitəsini məhz səkidə, yola enmədən gözləsinlər. Səki kənarından 5-6 addım içəriyə doğru dayansınlar. Nəqliyyat vasitəsinə minib-düşərkən, tələsməsinlər. Səs-küy salıb nadinclik etməsinlər ki, sürücünün diqqəti yayınmasın. Dostları ilə yolda olan uşaqlar üçün təhlükə daha potensial xarakter daşıyır. Söhbət, zarafat edən uşaqların diqqəti dağınıq olur. Bu səbəbdən onlara tapşırın ki, yolda şıltaqlıq etməsinlər, daha diqqətli olsunlar. Yolu keçərkən işıqfora baxsınlar, avtomobil yolunu digər insanlarla, toplu ilə birgə keçsinlər. nəqliyyatda önəmli məsələlərdən biri də qoruyucu kəmərlərdən istifadə edilməməsidir. Bu məsələyə laqeydlik göstərmədən ilk növbədə böyüklər özləri kəməri taxmalı, bunu bir vərdiş kimi uşaqlara da aşılamalıdırlar. Təhlükəsizlik kəməri qəzaların qarşısını almayan, lakin onların nəticəsində baş verə biləcək ciddi travmaların xeyli aşağı düşməsinə yardımçı olan bir vasitədir. Bu zaman diqqət yetiriləcək əsas məsələ, kəmər istifadəçisinin boyuna və çəkisinə uyğun olmasıdır. Məsafədən, nəqliyyat vasitəsinin sü-rətindən asılı olmayaraq, təkcə hava yastığına güvənərək təhlükəsizlik kəmərinə biganə qalmaq olmaz! Uşaq-ların özünün istifadə etdiyi, əyləncəli nəqliyyat vasitəsi olan velosipedlər də təhlükəlidirlər. Ondan qeyri-düzgün istifadə zamanı uşaqların ciddi zədələr alması mümkündür. Ilk növbədə velosipedlərin boy və modelinin uşaqların boyu, çəkisi və yaşına uyğun olmasına diqqət yetirilməlidir. Təhlükəsizlik tədbiri kimi velosipedçi dəbilqəsindən istifadə olunmalıdır. Bundan əlavə, velosi-ped hər zaman texniki cəhətdən saz vəziyyətdə saxlanmalıdır. Unutmayaq ki, uşaqların təhlükəsizliyində əsas məsuliyyəti biz böyüklər daşıyırıq. Yanlarında olmadığımız zaman belə, verdiyimiz məsləhətlər və şəxsi nümunəmiz onları təhlükədən qoruya bilər.
Fövqəladə Hallar Nazirliyinin
Qarabağ Regonal Mərkəzi