Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Sen

    “Mübariz” postunun komandiri

    Deyirlər ki, insan doğulan zaman onun yaşayacağı ömür yolu artıq yazılmış olur. Bəlkə də bu, belədir, düzünü heç kim bilmir. Amma bildiyimiz bir həqiqət var ki, o da hər kəsin həyatına, seçiminə təsir edən, onu müəyyənləşdirən mühüm hadisələrin, məqamların olmasıdır.
    Xəyal Aslanovun taleyini istiqamətləndirən hadisə doğulduğu vaxtdan iki il əvvəl baş vermişdi. 1994-cü il martın 5-də taleyinə gələcəkdə 44 günlük Vətən müharibəsi şəhidliyi yazılmış Xəyal dünyaya gəlib. Bundan 2 il öncə isə, 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndinin müdafiəsi zamanı Xəyalın dayısı, tələbə Natiq Həsənov şəhidliyə qovuşub. Körpə Xəyal dayısının qəhrəmanlığı, vətənpərvərliyi barədə söhbətləri dinləyə-dinləyə böyüyüb. Anasının bu söhbətləri şirin uşaq nağıllarını əvəz edib, səhifə-səhifə yaddaş kitabına yazılıb. Xəyal həm də Ağdərə haqqında söhbətləri çox sevirdi. İmarət-Qərvənd kəndində onların evi vardı. Düzdü, Xəyal bu evi heç zaman görməmişdi, lakin xəyalında hər zaman bir mənzərə canlanırdı: sonuncu dəfə bu evi tərk edən doğmalarının göz yaşları, atasının qara bulud kimi dolmuş siması…
    Anasına deyirdi ki, böyüyüb əsgər olacaq, vətən torpaqlarını, o cümlədən Ağdərəni yağı düşməndən azad edəcək…
    Böyüdü, əsgər oldu, xidmətini layiqincə başa vurub geri döndü.
    Ancaq silahını əlindən yerə qoymaq istəmədi. Uzaqdan görünən dağlar onu özünə elə çəkirdi ki! Hətta Azərbaycanın xəritəsində Ağdərə şəhərinin adını işarələyib anasına demişdi ki, bu şəhəri azad edənlərdən biri olacaq.
    Beləliklə, Xəyal Aslanov Ağdam rayonundakı hərbi hissələrin birinə gizir kimi qayıdır və ərzaq anbarına rəis təyin olunur. Sonra Bakı şəhərindəki Təlim-Tədris Mərkəzində 6 aylıq kurs keçərək könüllü gizir kimi ön xəttə getməyə hazırlaşır. Çox keçmir ki, Xəyalı tağım komandirinin müavini təyin edirlər. Onun tağımı 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və aprelin 4-nə qədər davam edən Aprel döyüşlərində vuruşmuş və uğurları ilə fərqlənmişdir. Həmin vaxt nümunəvi xidmətinə görə komandanlıq tərəfindən vəzifəsi dəyişdirilərək kəşifiyyatın operator komandiri təyin edilir. Qısa bir müddətdən sonra o, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan “Mübariz” postuna komandir təyin edilir.
    Vətən müharibəsi başlayanda– sentyabrın 27-də komandirləri və döyüş yoldaşları ilə birlikdə böyük ruh yüksəkliyi ilə döyüşlərə qatılaraq düşəmən səngərlərini bir-bir ələ keçirirlər. Sentyabrın 28-də Talış-Suqovuşanın azad edilməsi uğrunda hücumları davam etdirərkən Xəyal Aslanov qəhrəmancasına şəhid olmuşdur.
    * * *
    Xəyalın valideynlərilə dəfələrlə görüşüb, onun haqqında söhbətlərini dinləmişəm. Hər dəfə də bu qısa, ancaq mənalı ömrün yeni səhifələri gözlərim önündə canlanıb, ürəyindəki arzuların böyüklüyünə, vətən sevgisinə heyran qalmışam.
    Atası Qüdrət kişi deyir:
    –Hər bir valideyn kimi, mən də oğlumla bağlı qəlbimdə çoxlu xəyallar qurmuşdum. Arzu edirdim ki, bir gün onu və nəvələrimi İmarət-Qərvənd kəndindəki evimizə aparım, dədə-baba ocağımızı tanıdım. Bu, qismət olmadı. Lakin ötən ilin sentyabr ayında antiterror əməliyyatları ilə Ağdərənin və bütün Qarabağın erməni terrorçularından təmizlənməsi bizə böyük təsəllidir. İndi Xəyalın ruhu şaddır. Mən Qarabağ torpaqlarını ziyarət etdim, ailəmlə birlikdə evimizdə oldum. Onun arzuları gerçəkləşdi.
    Anası Nəzakət xanımın dediklərindən:
    –44 günlük Vətən müharibəsindən 4 il keçir. 4 ildir ki, Xəyal işdən qayıdıb həyəcanla “ana” deyib məni səsləmir. Ancaq mən buna yoxluq demirəm. Xəyal hər an bizimlədir. O, bizi tərk etməyib, daha yüksək məqama– şəhidliyə ucalıb. Onun qəhrəmanlığı ruhən bizə yaşamağa kömək edir. Torpaqlarımızın bütövləşməsi oğlumun ən böyük arzusu idi. Bu arzunu Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz, igid əsgər və zabitlərimiz reallaşdırdılar. İndi tez-tez Xəyalı yuxuda görürəm. O da rahatdır. Deyir ki, öz kəndimizdə, İmarət Qərvənddə atam mənim adıma gələn qonaqları yaxşı qarşılasın.
    Nəzakət ana bildirdi ki, müharibə başa çatandan sonra Xəyalın əsgər yoldaşları ona Şuşadan dibçəkdə əkilmiş “xarı bülbül” çiçəyi gətirmişdilər. Çox şükür ki, Şuşanı ziyarət etmək ona da nəsib oldu. O, dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan da danışdı. Dedi ki, ailəsi daim bu qayğını hiss edir.
    Xəyal Aslanov Vətən qarşısındakı xidmətlərinə, döyüşlər zamanı göstərdiyi şəxsi şücaət və igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Müəllif: Redaktor, 10:44

İsmarıclar bağlıdır.