Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Sen

    UŞAQLARDA AQRESSİYA NƏDƏN YARANIR?

    Son zamanlar biz anaların uşaqlarda ən çox narahat olduğumuz, şikayətləndiyimiz vəziyyətlərindən biri də bir anda onların dəyişməsi, aqressiv olması, nəyisə töküb dağıtmaları, qırmalarıdır. Bəzən anlaya bilmirik ki, nə baş verir? Bu zaman nə etməliyik və ya buna səbəb nə olur? Axı, hər şeyin bir səbəbi olur. Uşaqlarda aqressiyanı yaradan səbəb nədir?
    Hər bir şeyin başlanğıcı ailədən gəlsə də, bəzən ətarf mühitin də zərərli tərəfləri uşaqlara təsir göstərə bilir. Xüsusilə uşaqların aqressiv olmaları tək ailəylə bağlı deyil. Bəzən biz analar bunu dərk edə bilmirik. Həyatın qovhaqovunda uşaqlarımıza lazımınca önəm verə bilmirik, onlarla bolluca zaman keçirə bilmirik. Çöldəki problemlərimizi evə qədər gətirib çıxarırıq və övladlarımız da buna şahid olur.
    Bəzən isə bu, tək ailəylə, mühitlə bağlı olmur, sırf uşağın özüylə bağlı olur. Ümumiyyətlə, uşaqlarda aqressiya, gərginlik kimi hallar onlar özlərini ifadə edə bilməyəndə də baş verir. Məsələn, hələ danışa bilməyən uşaq nəyisə deyə bilmir, başa salır, valideyn onu anlamayanda isə o əsəbləşir. Başlayır ağlamağa . Yaş sindromlarında da aqressiya özünü büruzə verir. Ən çox 3 yaş sindromunda bunu görürük. Bu yaşda uşaq daha çox öyrənməyə meylli olur. Uşağımızın marağı və bizim “olmazımız” arasında qarşıdurma yaranır. Biz valideynlər bunun həllini tapa bilmədikdə uşaqda qəzəb hissi yaranır. Belə olanda uşaq aqressivləşir. Yeniyetməlik yaş sindromları da bəzən bunlardan qaynaqlanır. Mühit dəyişkənliyi olanda da belə hallar olur. Bizim üçün adi gələn şeylər uşaqlar üçün bəzən ağır olur. Yaxın adamını itirməyin, ev dəyişmənin, nənə-babayla yaşayan bir uşağın birdən-birə onlardan ayrılmasının təsiri olur. Öyrəşdiyi əşyalar, evin qoxusu, təbii ki, bu, onu narahat edir. Əvvəl vərdiş etdiyi, oynadığı oyuncaqların yeri dəyişir və onu tapmayanda aqressivləşir, ətrafına, bəzən də özünə zərər verir. Başlayır oyuncaqlarını qırmağa və ya evdə hansısa əşayaya ziyan vurur. Bəzən valideynlərini dişləyir, çimdikləyir, qışqırır. Bu, bizə o qədər də ağır gəlməsə də, bir uşağın düşüncəsi üçün ağır olur. Belə hadisələr uşaqlarda travma yaradır və zaman keçdikcə, bu, özünü büruzə verməyə başlayır. Ya bağça həyatlarında, ya da məktəbdə, bəzən isə daha uzunmüddətli olur. Ona görə də valideynlər buna nəzarət etməlidirlər. Daima bu yükü tək anaya yükləmək olmaz, atalar da ana-larla bərabər uşaqlarına vaxt ayırmalıdırlar. Onlarla oyun oynasalar, sevgi göstərsələr, uşaqlar yeni mühitə daha tez öyrəşərlər.
    Bugünümüzün ən böyük problemi sosial şəbəkələrdir. Bəzən analar öz rahatlıqları üçün, uşaqlar sakit dursun deyə, onlara telefon verirlər. Orada rastlaşdıqları mənfi bir hadisə də uşağa təsir edə bilir. Onun düşüncəsinə mənfi şeylər yükləyir. Biz uşaqlara cizgi filmi açırıq ki, baxsınlar. Ancaq xırda şeylərə fikir vermirik. Orada hər hansı bir heyvana, uşağa, oyuncağa olunan zorakılıq hadisəsi belə onlara pis təsir edir.
    Ya da uşaq valideyn sevgisizliyindən, özünə diqqət çəkmək üçün ağlayır, narahatçılıq yaradır. Bunu ən çox diqqətdən kənarda qalan uşaqlar edirlər. Onlar valideyn sevgisi, qayğısı gözləyirlər. Onlarısa almayanda aqressivləşirlər.
    Biz analar unutmayaq ki, nə qədər yorğun olsaq da, bizə möhtac olan körpələrimiz var.
    Aqressiyanı aradan qaldırmaq üçün öncə onun səbəbini bilmək lazımdır. Uşaq nə üçün belə davranır? Əgər uşaq evdə normal, məktəbdə elədirsə, demək ki, problem məktəbdədir. Uşaqlar bu aqressiyanı isə çox zaman heyvanlardan, oyuncaqlardan, özlərindən balaca, zəif uşaqlardan çıxırlar. Onun kökünü tapıb həll etdikdə nə uşağa, nə ətarafa, nə də ailəyə ziyan dəymir. Ona görə də valideynlər vaxtaşırı müəllimlərlə danışmalı, uşaqlarının davranışlarını öyrənməlidirlər.
    Bəzən ailələrdə baş verən konfliktlər də uşaqlara təsir edir. Anayla atanın, nənəylə babanın evdə davası onlara mənfi emosiyalar yükləyir. Belə uşaqlar şiddətə meyilli olur. Bunu cəmiyyət arasında da edirlər. Ona görə nə qədər problemimiz olsa da, uşaqların gözləri qarşısında, onların eşidəcəkləri yerdə bunu etməməliyik. Bunlar uşaqda çox böyük travmalara səbəb olur. Vaxtında bunu müalicə etmədikdə isə çox böyük problemlərə yol açır.
    Bəzən uşaqlar nə isə bir şeyi əldə etməkdən ötrü də ağlayırlar. Çünki onu yoxlayıblar. Anasıyla mağazaya gedən uşaq istədiyini aldırmaq üçün ağlayır, özünü yerə çırpır, ana isə orada pis olmamaqdan ötəri uşağnın istədiyini alır. Bu, vərdiş halını alır.
    Bu cür mənfi halların baş verməməsi üçün ailələr ilk növbədə uşaqları qalmaqallardan, mübahisələrdən uzaq tutmalıdır. Onlarla zaman keçirməli, oyunlar oynamalı, əyləncə mərkəzlərinə aparmalıdırlar. Şiddət olan cizgi filmlərindən, kinolardan uzaq tutmalıdırlar. Onlarla öz təcrübələrimizi bölüşməli, sevincli günlərimizdən, səhvlərimizdən, uşaqlığımızdan, uşaq-valideyn münasibətlərindən danışmalıyıq. Ən əsası, onları dinləməyi bacarmalıyıq. Onların da fikirlərinə, düşüncələrinə önəm verməliyik. Bəzən icazə verməliyik onlar öz seçdikləri yolla getsinlər. Onlara da bir fərd kimi yanaşmağı öyrənməliyik. Nə etmək lazım olmadığını söyləmək yerinə, necə etmək lazım olduğunu deməliyik. İstəmədikləri heç bir şeyi bizə xoş olacaq deyə etməməliyik. Çox təzyiq altında olanda da uşaq aqqressiv davranır. Başa düşməliyik ki, yaşından asılı olmayaraq, onlar bir fərddirlər, heç kimin yanında, kənar şəxslərin qarşısında onların üstünə qışqırmaq, acı söz demək olmaz.
    Gəlin gələcəyimiz olan uşaqları düzgün tərbiyə edək. Onlara nəyin zərərli, nəyin xeyirli olduğunu əyani nümunəmizlə başa salaq. Böyüklərə hörmət etməyi öyrədək. Öz yollarını özlərinin seçməyinə icazə verək.

    İlahə Paşazadə

     

     

    Müəllif: Redaktor, 11:31

İsmarıclar bağlıdır.