Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Sen

    Milli dövlətçiliyimizə yeni nəfəs vermiş hadisə

    “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – Ulu Öndər Heydər Əliyev

    Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

    Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır.

    Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.

    Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdir.

    Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub.

    Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

    Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb.

    Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

    Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.

    Yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi də bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.

    Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdır. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

    Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir.

    Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir.

    Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

    Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

    Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

    Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə – Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.

    Ulu Öndər Heydər Əliyevin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”nün təsis olunması kimi təşəbbüsünün tarixi əhəmiyyəti var. Ulu Öndərin Ali Məclisin sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

    Xalqın iradəsini yerinə yetirən Ulu Öndər deyib: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

    Müəllif: Redaktor, 10:44

İsmarıclar bağlıdır.