Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Avq

    Azərbaycanda qohum evliliyinin qadağan edilməsinə münasibət birmənalı deyil. Bəziləri, xüsu-silə yaşlı nəslin nümayəndələri, öz fikirlərində qalaraq, belə evliliklərin tərəfdarı olduqlarını söyləyir. Onların da öz yanaşmaları var: qohumlar bir-birini tanıyır, bibi, xala öz qohumuna pis yanaşmaz və s. Lakin həyatda gördüyümüz hadisələr tamamilə bunun əksini söyləyir. Heç də həmişə bibi, yaxud xala yaxşı qaynana ola bilmir, üstəlik gənclərin böyüklərin məsləhəti ilə evlənməsi də bu nikahı qorumur, nəticədə ən yaxın qohumlar düşmən olaraq ayrılırlar.
    Böyüklərdən fərqli olaraq, gənclər Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanunun qəbul edilməsini alqışlayırlar. İlk olaraq ona görə ki, belə evliliklərdən çox vaxt xəstə uşaqlar dünyaya gəlir ki, bu da valideyn üçün ağır dərddir. İkincisi, əgər 60-70 il bundan əvvəl gənclər, əsasən öz kəndlərindən başqa heç yerə getmir, heç kimi tanımırdılarsa, indi belə deyil. Onların düzgün seçim etmək, bir-birini yaxşı tanımaq üçün bütün imkanları var. Lakin yaxşı olar ki, bu imkanlar da həddini aşmasın. Təəssüf ki, bəzi hallarda bir-birini tanıyan və bəyənən insanların da evliliyi uzun sürmür. Nəticədə isə bu nikahdan doğulan və ata və ananın arasında qalan, yarımçıq ailələrdə böyüyən uşaqların sayı artır. Bu yaxınlarda övladını tək böyüdən belə gənc ana ilə söhbət edirdim. Bildirdi ki, evləndiyim insanın ailəsi xoşuma gəlmədiyi üçün ayrıldım. Uşağımı özüm böyüdürəm və onun xoşbəxt olması üçün hər şeyi edəcəm. Əlbəttə, bu ana öz balasını maddi cəhətdən təmin edəcək, ona təhsil verəcək, bu, sözsüzdür. Ancaq ata məhəbbəti? Bunsuz xoşbəxt olmaq mümkündürmü? Məncə, yox, mümkün deyil. Atasız böyüyən uşaqlar, xüsusən qızlar, nə qədər təmin olunsalar da, seçilirlər.
    Ona görə də, əziz gənclər, ailə qurarkən yalnız öz xoşbəxtliyiniz barədə düşünməyin. Ömürluk bir həyata tələm-tələsik qərar verməyin. Dünyaya gətirəcək övladları atalı-analı böyütmək üçün səbirli olun və bəzən güzəştə getməyi də bacarın.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:50

İsmarıclar bağlıdır.