Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbul edib. Qəbulda çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.
Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal.
Qeyd olunub ki, Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.
Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər.
Prezident İlham Əliyev deyib ki, daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir.
Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Diqqətə çatdırılıb ki, müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq.
Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir.
İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq. Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur.
Qeyd olunub ki, gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq.
Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər.