Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22İyl

    Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümyiş etdirir, dövlət maraqlarını uca tuturlar

    Ulu Öndər Heydər Əliyev deyib: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

    Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də milli mətbuatımızın rolunu yüksək qiymətləndirərək deyib: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”

    1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

    Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

    1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

    “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.

    Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

    1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.

    Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur.

    Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

    Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi.

    Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

    30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

    Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

    Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib.

    Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

    “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Həmçinin, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

    Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

    Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

    Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

    Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.

    Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.

    Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

    Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

    “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Raşılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir (media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil ediməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması).

     

    Müəllif: Redaktor, 10:56

İsmarıclar bağlıdır.