Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyl

    Mənim ilk iş yerim “Yeni Tərtər” qəzeti olub. Redaksiyada dizayner vəzifəsində çalışmışam. Bu vəzifəyə 2016-cı ilin yanvar ayında qəbul edilmişəm.
    Əvvəlcə qeyd edim ki, “Yeni Tərtər” Tərtər rayonunun keçmişini və bugününü özündə yaşadan mətbu orqan olaraq 1934-cü ildən nəşr olunmağa başlayıb. Kolxoz quruculuğu illərində işıq üzü görən qəzetin çıxarılması məhz o dövrün tələblərindən irəli gəlirdi. Məqsəd isə insanları maarifləndirmək, hökumətin qərar və göstərişlərini onlara çatdırmaq və eyni zamanda, rayonun həyatındakı neqativ halların aradan qaldırılmasına kömək etmək idi. Müxtəlif illərdə qəzet müxtəlif adlarla çıxıb – “Kolxozçuların varlanması yolunda”, “Qızıl Bayraq”, “ Tərtər” və nəhatyət, 2005-ci ildən indiyədək “Yeni Tərtər” adı ilə. Hər dövr nəşrin simasına öz möhürünü vursa da, qəzetin ümumi məqsədi və məramı heç zaman dəyişməyib – o, hər zaman rayonun, onun qəhrəman, vətənpərvər, zəhmətkeş sakinlərinin həyatından yazıb, onların yanında olub, maarifləndirib, gəncləri yeni-yeni uğurlara səsləyib.
    Mən bunu öz gözlərimlə 2016-cı ilin Aprel hadisələrində gördüm. Tarixə qızıl hərflərlə yazılan, Böyük Zəfərimizin başlanğıcı olan həmin günlərdə Tərtər düşmən tərəfindən güclü artilleriya atəşinə tutulurdu. Evlər dağılır, insanlarımız şəhid olurdu. Barıt qoxulu, vahiməli həmin günlərdə redaksiyamızın kollektivi bir nəfər kimi işləyirdi, qəzetimiz çıxırdı və böyük qürur hissi ilə bildirirəm ki, Lələ Təpə yüksəkliyinin alınması, torpaqlarımızın geri qaytarılması haqqında xəbərləri qəzetimizin səhifələrinə yerləşdirəndə özümü dünyanın ən xoşbəxt gənci hesab etmişəm.
    Mənim böyüdüyüm, boya-başa çatdığım Tərtər rayonu 30 ildən artıq bir müddətdə düşmənlə üzbəüz məğrurcasına dayanıb, təkcə dayanmayıb, mübarizə aparıb, düşmənə dağ çəkib.
    Bu mübarizə, şəhidlərimizin, igid oğullarımızın qəhrəmanlığı rayon qəzetinin səhifələrində yüzlərlə məqalədə öz əksini tapıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun redaktorluğu və maliyyə dəstəyi ilə qəzetin baş redaktoru Svetlana Bağırovanın yazdığı “Tərtərin tarix yazan oğulları” kitabı hər bir şəhid ailəsində məhəbbətlə qorunub saxlanılır. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə Svetlana Bağırovanın “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” ilə təltif olunması dövlət başçısının jurnalistlərin əməyinə verdiyi böyük qiymətin bariz nümunəsidir.
    Bu gün mənim Tərtərim başqa bir ovqatdadır. Vaxtı ilə qucaq açdığı keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Böyük Qayıdış başlayıb. Bu misilsiz hadisələri işıqlandıranlar arasında mənim doğma qəzetim də var. Yaşa, mənim “Yeni Tərtərim”
    Qəzetin kollektivini 22 iyul– Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.

    Türkan HÜSEYNOVA,
    Bakı şəhəri Suraxanı
    rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşı

    Müəllif: Redaktor, 10:41

İsmarıclar bağlıdır.