Hər kəs bir ağac əksə…
Yaşadığımız küçə, kənd, şəhər, ölkə bizim ümumi evimizdir. Evimizin, həyətimizin təmizliyini, səliqə-sahmanını qoruduğumuz kimi, bunların da saflığını qorumaq borcumuzdur. Lakin təəssüf ki, heç də həmişə belə olmur. Son illər ekologiyamızın ciddi surətdə pisləşməsi də elə insanların təbiətə vurduğu ziyanın nəticəsidir.
Kəndimizin sakini Mehman İsmayılov maarifləndirmə yolu ilə xeyirxah işlərin görülməsinə nail olur.
Bir neçə il bundan əvvəl kəndimizə gələn yolun hər iki tərəfində ağac əkilməsi də belə təşəbbüslərdən biridir. Bu təşəbbüsə həm kənddə yaşayan, həm də burada doğulub boya-başa çatan, hal-hazırda kənar yerlərdə yaşayıb işləyən insanlar həvəslə qoşuldular. Az müddətdə xeyli ağac əkildi. Bunların qayğı ilə suvarılıb becərilməsini də Mehman İsmayılov öz üzərinə götürdü. Hazırda həmin ağaclar yolumuza xüsusi yaraşıq verir.
Əziz şəhidlərimizə aid guşələrin yaradılması və abadlaşdırılması da bu xeyirxah insanın böyük qayğı ilə yanaşdığı məsələlərdən biridir.
İctimaiyyət arasında nüfuzu olan Mehman İsmayılov vətənpərvərliyi, dövlətə və dövlətçiliyə sədaqəti ilə gənclərimizə nümunədir. Onun bu xüsusiyyətləri diqqətdən kənarda qalmır. Belə ki, Mehman İsmayılov rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülüb.
O, həm də respublika Əlillər Cəmiyyətinin fəxri üzvüdür, Cəmiyyət tərəfindən bir neçə medalla təltif olunub.
Oqtay MƏHƏRRƏMOV,
Hacıqərvənd kəndi,
təqaüddə olan müəllim