BU MÜNASİBƏTLƏ TƏNTƏNƏLİ BAYRAM TƏDBİRİ KEÇİRİLDİ
Tərtər Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtər şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ru-hu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yaradılmasına nail olduğunu bildirib. Bu uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etmişdir.
Tədbir çərçivəsində “Əsgərə məktub” və “Əsgər məktubu” layihələri həyata keçirilib.
Tərtərlilər qalib ordumuzun əsgərlərinə qürur hissi ilə öz ürək sözlərini ünvanlayıblar.
Sonra kəşfiyyatçıların nümunəvi çıxışları ilə tədbir davam etdirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi qulluqçulara fəxri fərmanlar, hədiyyələr, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkürnamələr, Elman Hüseynov adına “Dəmir yumruq” kikboksinq idman klubunun idmançılarına Azərbaycan çempionatında əldə etdikləri nailiyyətlərə görə diplomlar təqdim edib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin ansamblı rəngarəng müsiqi nömrələri ilə çıxış edib.
İstedadlı sənət adamlarının ifasında səslənən vətənpərvərlik mahnıları böyük coşqu ilə qarşılanıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.