Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyn

    MƏZUN OLAN ŞƏHİD ÖVLADLARI DEYİRLƏR:

    Pərizad Məmmədova– Qazyan kənd tam orta məktəbinin məzunu:
    –44 günlük Vətən müharibəsində erməni cəlladları atamı vəhşicəsinə qətlə yetirdilər. Onun ən böyük arzusu öz övladlarını tərbiyəli və təhsilli görmək idi. Biz – onun hər üç övladı qoymarıq ki, atamızın arzuları yarımçıq qalsın. O zaman körpə olsaq da, bizə necə qayğı ilə yanaşdığı, dərslərimizə necə diqqət göstərdiyi hər birimizin yadındadır. Atam özü təhsil ala bilməmişdi. Işi həmişə ağır idi. Buna baxma-yaraq, evə nə qədər yorğun gəlsə də, dərslərimizi soruşur, hətta ingilis dilini necə öyrənməyimizlə maraqlanır, kiçik qardaşımıza kömək etməyi bacıma və mənə tapşırırdı.
    Bəlkə də onun bu tövsiyələri, tapşırıqları olmasaydı, başımıza gələn faciədən sonra biz çətinlik çəkərdik. Ancaq, şükür Allahın böyüklüyünə, özümüzdə güc tapdıq. Atamızın arzularına doğru addım-addım irəlilədik. Hal-hazırda böyük bacım Arzu “Xəzər” Universitetinin tələbəsidir. I kursu bitirib. Mən isə buraxılış imtahanlarından 256 bal, ümumilikdə isə 473 bal toplamışam. IV ixtisas qrupunu seçmişəm. Arzum həkim olmaqdır. Yenə də imtahan verəcəyəm. Əgər bu il Tibb Universitetinə daxil ola bilməsəm, gələcəkdə ikinci təhsil almaq fikrindəyəm. Çünki atam məni məhz həkim kimi görmək istəyirdi.
    Qardaşım Zamiq isə doqquzuncu sinfə keçib. O, gələcəkdə kənd təsərrüfatı üzrə ixtisas seçmək istəyir ki, kənddə yaşasın. O, indinin özündə də məktəbli olsa da, anamızın ən yaxın köməkçisidir.
    Şəhidlik uca zirvədir. Şəhidlər unudulmur. Biz də atamızı daim yanımızda hiss edir, hər addımımızda ona layiq olmağa çalışırıq.
    Fidan Əsədova, Şıxarx 2 saylı kənd tam orta məktəbinin məzunu:
    – Atam Sabit Əsədov 44 günlük Vətən müharibəsində şəhid olanda biz üçümüz də məktəbli idik. Anam da, biz də böyük stress yaşadıq. Xoşbəxt uşaqlığımız, atalı günlərimiz əlimizdən alındı.
    Atamız Ağdərə rayonunun Şırxavənd kəndindən idi. O, həmişə doğma kəndini azad görmək arzusu ilə yaşamışdı. Bu yolda özü də əlindən gələni etməyə çalışırdı. Elə müharibə başlayanda yaşadığımız qəsəbədən heç yerə getməməsinin səbəbi də bu idi. Həmin vaxt qəsəbəmiz, evlərimiz güclü artilleriya atəşinə tutulurdu. O, burada qalmağın təhlükəli olduğunu bilsə də, əsgərlərimizə yaxın olmağa, onlara əlindən gələn köməkliyi göstərməyə çalışırdı.
    Bu gün bizim üçün ən böyük təskinlik torpaqlarımızın işğaldan azad olmasıdır. Atamıza Şanlı Qələbəmizi görmək qismət olmadı. Ancaq bu gün onun və minlərlə şəhidimizin ruhu şaddır. Çünki onların övladları müstəqil dövlətin vətəndaşları kimi yaşayacaqlar.
    Qardaşım Tacir hərbi xidmətini layiqincə başa vurub bu günlərdə evimizə qayıtmalıdır. Mənim üçün isə məktəbimizdə “son zəng” çalındı. Sinfimizdəki 11 nəfər şagird üçün bu “son zəng” həm də yeni bir həyata çağırış oldu. Oxumaq, təhsil almaq istəyirəm. Hələlik topladığım bal o qədər də yüksək deyil. Ancaq qarşıma məqsəd qoymuşam ki, gələcəkdə yaxşı hazırlaşıb ali məktəbə, yaxud kollecə daxil olacağam. Dövlətimiz şəhid övladlarına hər cür qayğı göstərir. Bu qayğıya cavab olaraq biz də şəhidlərimizin adını həmişə uca tutmalı, onlara layiq olmalıyıq.
    Həmyaşıdlarımın hamısına həyatda uğurlar arzulayıram. İnanıram ki, özüm də şanslı insanlardan biri olacağam. Anamı sevindirəcəyəm.
    Ailəmizin sonbeşiyi Nurcan hələlik məktəblidir. Hər üçümüz atamızın arzuladığı kimi yaşamağa çalışacağıq.
    Muxtar Axundov, şəhər 5 saylı tam orta məktəbin məzunu:
    – Bu il məktəblərimizdə çalınan son zəng fərqli bir zəng idi. İlk dəfə olaraq biz bu tədbiri torpaqlarımızın bütövləşdiyi, işğaldan tamamilə azad olduğu bir şəraitdə keçirdik. Mənim atam Ədavət Axundov I Qarabağ savaşında kənd özünümüdafiə dəstəsinin tərkibində doğma Umudlu kəndinin yağı düşməndən qorunmasında iştirak etmişdir. O, 44 günlük Vətən müharibəsində şəhid olub. Mülki şəhid olsa da, Qələbəmizin yaxınlaşdırılması üçün əlindən gələni əsirgəmirdi.
    Atam çox vətənpərvər insan idi. Qarabağımızın, doğma Umudlu kəndinin azad olunması arzusu ilə yaşayırdı. İndi onun arzuları gerçəkləşib. Umudlu kəndinə qayıdış başlayacaq.
    Mən və bacılarım atamıza layiq yaşamağa çalışırıq. Günel ali təhsillidir, ailə qurub, Günay isə cari tədris ilində İncəsənət Universitetini muzeyşünaslıq-arxiv işi üzrə bitirib. Mən hələlik vətən qarşısında hərbi borcumu verməyə hazırlaşıram. Sonra isə polis sıralarında işləmək arzusundayam.
    Şəhid övladı olmaq şərəfli olduğu qədər həm də çətindir, məsuliyyətlidir. Şəhidlərimizin Vətən sevgisi yolumuza işıq salır.

    Məzunların söhbətini qələmə aldı:
    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 10:35

İsmarıclar bağlıdır.