Nilufəri uşaq vaxtından tanıyıram. Hələ 5-ci sinifdə oxuyarkən məktəblərində keçirilən tədbirlərdən birində doğma Umudlu kəndindən necə həyəcanla danışdığının və kövrəldiyinin şahidi olmuşam. O zaman Nilufər göz yaşları içində: “Mən valideynlərimin doğulduğu o torpağa mütləq ayaq basacağam,” – demişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Nilufər kimi didərginlik həyatı yaşayan minlərlə uşağın, böyüyün arzularını gerçəkləşdirdi. 11-ci sinifdə oxuyarkən Nilufərə valideynlərilə birlikdə heç zaman görmədiyi, ancaq böyüklərin söhbətlərindən çox yaxşı tanıdığı Umudluya səfər etmək nəsib oldu. O, bir zamanlar haqqında ağlaya-ağlaya danışdığı Umudlunu indi sevinc göz yaşları, qürur və iftixar hissi ilə seyr edirdi. Bu barədə özü belə deyir:
– Dünyanı dərk etməyə başlayandan ilk eşitdiyim və hafizəmə əbədi yazılan sözlərdən biri doğma kəndimizin adı olub. Onun tarixini, kənddəki adət-ənənələri öyrənmişdim. Böyüklərin necə həsrət çəkdiyini gördükcə, mən də onlarla bərabər bu hissləri yaşayırdım. Həyatımın ən böyük xoşbəxtliyi Umudluya ayaq basdığımız gündür. İşğal altında olan torpaqlarımızı bizə qaytaran Prezidentimizə həmyaşıdlarım adından ürəkdən təşəkkür edirəm. Bu yolda həlak olan qəhrəmanlarımızın əziz xatirəsini daim yaşadacaq, onların yarımçıq qalmış arzularını həyata keçirəcəyik. Bu yolda sağlamlıqlarını itirən qazilərimizə şəfa diləyirik.
Qeyd edək ki, Nilufər Zeynalzadə Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbin builki məzunudur. O, blok imtahan nəticələrinə görə maksimum 400 baldan 393,2 bal toplayaraq, ümumi nəticəsini 664 bala yüksəltməyi bacarmışdır. Hal-hazırda bu, rayon üzrə ən yüksək göstəricidir.
Nilufərin ən böyük arzusu tələbə olmaq və hüquqşünas ixtisasına yiyələnməkdir. O, bu yolda ona yardımçı olan, arzusuna çatmaqda kömək edən valideynlərinə və müəllimlərinə – ibtidai sinif müəllimi Kifayyət Aslanovaya, tarix müəllimi Qızbəs Hüseynovaya və başqalarına öz minnətdarlığını bildirir.
Umudlu kəndinin gözəl adət və ənənələrini uzun illər ərzində qoruyub yaşadan məktəbin şagirdləri daim təhsildə və tərbiyədə fərqlənirlər.
Cari tədris ilində Umudlu kənd tam orta məktəbində IX sinfi 18, XI sinfi isə 11 nəfər şagird bitirib. DİM tərəfindən mərkəzləşdirilimiş qaydada təşkil edilən buraxılış imtahanlarında məktəbin şagirdlərindən 3 nəfəri 200 baldan yuxarı nəticə göstərib. Onlardan 282 bal toplayan Zəhra Həşimli rayon üzrə doqquzuncular arasında üçüncüdür. Şagirdlərin hər üçü – Zəhra Paşazadə, Nuray Zeynalzadə və Zəhra Həşimli ümumi orta təhsil səviyyəsini fərqlənmə attestatları ilə başa vuracaqlar.
XI sinif şagirdlərindən isə yenə də 3-ü – Elvin Həşimli (271), Nilufər Zeynalzadə (270), Vəsilə Qarayeva (232) buraxılış imtahanlarında fərqləniblər. Onlardan Nilufər Zeynalzadə və Elvin Həşimli fərqlənmə attestatları alacaqlar.
Məzunlar ali məktəblərə qəbul imtahanlarında da fərqləniblər. Onların hər birinin arzusu, hansı sahədə çalışmalarından asılı olmayaraq, Qarabağın dirçəlişində iştirak etməkdir.
“YENİ TƏRTƏR”