Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Ədalət Veysəl oğlu 18 sentyabr 1973-cü ildə Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. Ailədə 9 uşaq olublar, 5 bacı, 4 qardaş. Ədalət 4-cü övlad, həm də qardaşların böyüyü idi.
18 yaşı tamam olanda, o, Kəlbəcər Özünümüdafiə Batalyonuna daxil olur. İlk döyüşü Ağdaban kəndindən başlayır. Faciədən dərhal sonra kəndə daxil olan batalyon üzvləri dəhşətli mənzərə ilə qarşılaşırlar. Bu, gənc Ədaləti çox sarsıdır. Həmin vaxt onunla birlikdə xidmət edən yaxın qohumu Ayaz Verdiyev deyir: “ 18 gün Ağdabanda mühasirə şəraitində qaldıq. Ədalət özünə yer tapa bilmirdi. Ancaq hücuma keçmək, düşməndən intiqam almaq arzusu ilə yaşayırdı.”
Ağdaban əməliyyatından sonra Batalyon həyəcan siqnalı ilə Laçın, oradan Ağdərə istiqamətinə göndərilib. 20-25 gün Aydoğan yüksəkliyində qalıblar. Qozlu döyüşləri ilə tarixdə qalan qanlı əməliyyat zamanı 30 döyüşcüdən yalnız 8-i salamat çıxıb. Onlardan biri Ədaləıt idi. Birinci Qarabağ müharibəsinin döyüşləri 44 günlük müharibəyə bənzəmirdi. Bəzən əsgərlər çətin relyef şəraitində, meşələrdə, düşmənin əhatəsində tək qalır və çıxış yolunu özləri tapırdılar. Qozlu əməliyyatından sonra qalın meşədə taleyin ümidinə qalan Ədalət dağlarda qazandığı dözümlülüyün və səriştəliliyin hesabına düzgün istiqamət götürüb nabələd cığırlarla 3-4 günə çox çətinliklərlə gəlib özlərinin yurd yerinə çatıb.
Bu hadisədən sonra Söyüdlü Zastavasında xidmətini davam etdirib. Artıq xeyli döyüş təcrübəsi toplayan Ədaləti tez-tez kəşfiyyata göndərirdilər. Döyüş yoldaşı və qohumu Ayaz Verdiyev söyləyir ki, Ədalət qorxu nə olduğunu bilmirdi. Tapşırığı yerinə yetirmək üçün o, hər an canını qurban verməyə hazır idi.
1993-cü ilin aprelində Kəlbəcər işğal olunandan sonra Daşkəsən istiqamətindən Ziviləndən hücum əməliyyatı keçirildi. Birinci əməliyyat 1993-cü ilin dekabrında oldu və bu zaman Kəlbəcərin 12 kəndi geri qaytarıldı. Bu əməliyyata komandirlərdən Ziyafət Tağıyev və Balay Nəsibov rəhbərlik edirdilər.
2-ci böyük faciələrlə yadda qalan əməliyyat isə 1994-cü ilin fevralında baş tutdu. Bu hadisələrdən bir neçə gün əvvəl, yanvar ayının son günlərində Ədalət 2-3 günlük icazə alıb ailəsi ilə görüşməyə gəlmişdi. Son görüş olduğu, qarşıda onları hansı müsübətlər gözlədiyi heç kimin ağlına gəlməsə də, fevralda Ömər Aşırımındakı vəziyyəti hamı bilirdi. Burada əsgərlər həm döyüşdə, həm də şaxtadan şəhid olurdular. Ona görə də ailə üzvləri çox nigaran idilər. Bu nigarançılığı Ədalətin ürəkli danışıqları, hər kəsə qayğı ilə yanaşması dağıdırdı. Taleyin müəmmalı bir işi də həmin günlərdə baş verdi. Yanvarın 20-də Ədalət geri qayıdarkən yaxın dostu, yaşıdı və qohumu Asif Quliyev də könüllü olaraq ona qoşulub cəbhəyə yollandı və elə həmin döyüşdə şəhidliyə qovuşdu. Asifin nəşi 20 gündən sonra tapılaraq Tərtərdə torpağa tapşırıldı.
Ədalətin tapılması xəbəri isə düz 30 il sonraya qaldı. Buna baxmayaraq, 30 ildən sonra onların məzarları qoşalaşdı.
Ədalət Əliyevin döyüş yoldaşları Dərgah Qəhrəmanov, Nadir Əkbərov, Vəli Hüseynov, Qismət Allahverdiyev, Səyyaf Muxtarov ( onu həm də Nizami kimi tanıyırlar), Nuru Hacıyev onun qorxmazlığından, döyüşlərdə göstərdiyi igidliklərdən çoxlu epizodlar danışırlar. Onlar söyləyirlər ki, dağ şəraitində böyüyən, qayalarda, meşələrdə hər cığıra, hər daşa yaxşı bələd olan Ədalət düşmənin üzərinə birinci gedir, ən çətin anlarda yoldaşlarını qoruyurdu.
Onu da qeyd edək ki, işğaldan əvvəl Kəlbəcərin Gorman kəndində cəmi 40 ev vardı. Kənd 5 hərbi şəhid (Əliyev Ədalət Veysəl oğlu, Quliyev Asif Boran oğlu, Quliyev Əli Hümbət oğlu, Alxanov Vəkil Mirzə oğlu, Əsədov Təvəkkür Yusif oğlu) və 4 mülki şəhid (Quliyev Yaşar Qara oğlu, Quliyev Məzahir Qara oğlu Quliyeva Aygün Qara qızı, Mirzəyeva Afət Aslan qızı) verib.
* * *
2024-cü il mayın 22-də Tərtərdə uşaqdan böyüyə insanlar əllərində bayraq və gül-çiçək Şəhidlər Xiyabanına gəlmişdilər. Xiyabanda hamıya yer olmadığı üçün tərtərlilər şəhər qəbiristanlığına qədər yolun hər iki tərəfinə düzülmüşdülər. Onlar 30 il ərzində itkin kimi bilinən, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində nəşi tapılan və ailəsi-nə verilən Ədalət Veysəl oğlunun dəfninə toplaşmışdılar.
Şəhidin qardaşı Rza Əliyev deyir:
–Torpaqlarımız işğaldan azad ediləndə sevindik. Qardaşımızdan xəbər gələndə sevinc hissi kədərimizi üstələmişdi. Onun nəşi evimizə çatanda qurban kəsdik. Buna görə ailəmiz adından möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkürümüzü bildirirəm. O, həqiqətən də hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Anamızın, hər birimizin gözləri yollardan yığıldı. Fəxr edirik ki, qarda-şımız bu vətən, bu torpaq uğrunda şəhid olub.
Sonra şəhidin qardaşı Tərər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə və hər iki rayonun ictimaiyyətinə öz təşəkkürünü bildirdi. O dedi:
– Biz Tərtərə daxil olanda və belə böyük bir izdihamı görəndə gözlərimizə inanmadıq. Əmin olduq ki, Ədalət bu xalqın şəhididir, xalq öz qəhrəman oğluna ehtiramını göstərir.
Yuxarıda taleyin hökmündən danışmışdıq. Bəli, taleyin hökmü həmin gün özünü göstərdi. Ədalət Əliyev Tərtərdəki təzə qəbiristanlıqda, qohumu Asif Quliyevin məzarından bir az aralıda dəfn olunmalı idi. Burada bütün hazırlıq işləri görülmüşdü. Lakin son saatda möcüzə baş verdi: Asif Quliyevin yanındakı naməlum məzarın kimliyi müəyyənləşdirildiyi və onun nəşi aparıldığı üçün, Ədalət həmin yerdə, uşaqlıq dostu ilə yan-yana əbədi torpağa tapşırıldı.
Qardaşı deyir ki, Tərtər Rayon İcra başçısının birinci müavini Elvin Umudov bu xəbəri bizə deyəndə, həmin o günü, iki gəncin əl-ələ verib döyüşə yollandıqları günü yenidən yaşadıq. Nur içində yatsınlar. Ruhları şad olsun!
İndi Tərtər şəhər qəbiristanlığında qoşa məzar var. Bu məzarlara gedən cığırı heç zaman ot basmayacaq. Xalqımız hər zaman onlara öz ehtiram və sevgilərini bildirəcəkdir.
Son söz: şəhid Ədalət Əliyevin qohumları onunla birlikdə döyüşüb şəhidliyə ucalanların hamısına– o cümlədən komandirlərdən şəhid mayor Mürşüd Məmmədova, Kamal Hacıyevə və başqalarına Allahdan rəhmət dilədilər, bu gün həyatda olan veteranlara – Akif Kamalova, Balay Nəsibova, Eldar Həsənova və başqalarına cansağlığı arzuladılar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Svetlana BAĞIROVA