Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    SAKİTLİYİ KOMBAYNLARIN SƏSİ POZUR

    Taxılçıların gərgin günləri başlayıb. Ötən ilin payızından üzübəri görülən işlərə yekun vurulur, bərəkətli sünbülləri ilə gözoxşayan qızılı zəmilərin məhsulu biçilir.
    Tərtərli fermerlərin də ovqatı yüksəkdir. Ötən illərin təcrübəsindən bacarıqla bəhrələnən taxılçılar elmin qabaqcıl nailiyyətlərini əkin-biçində tətbiq etməklə uğurlarının sayını artırırlar. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir edən amillərdən biri də torpaqlarımızın işğaldan azad edilməsinin yaratdığı qürur hissidir. Bu torpağı qanı, canı bahasına qoruyan insanlar onun əkilib-becərilməsində də fədakarlıq göstərirlər. Vətənpərvər insanlar torpağın hər qarışının dəyərini bilir, ondan daha çox məhsul götürmək üçün inamla çalışırlar.
    2023-cü ilin məhsulu üçün rayon üzrə 5,2 min hektarda buğda, 3,6 min hektarda arpa əkilmişdir. Məhsuldarlıq buğda üzrə 44,3, arpa üzrə 42,5 sentner olmuşdur. Cari təsərrüfat ilində isə taxıl əkin sahələri xeyli genişləndirilib. Belə ki, bu mövsüm 8,8 min hektarda buğda (bunun 4947 hektarı dəmyə, 3850 hektarı suvarılan ərazidə yerləşir), 5,1 hektarda arpa (40 hektar dəmyə, 5092 hektarı suvarılan ərazi) əkilib.
    Rayonda 6 toxumçuluq təsərrüfatı var. İlk növbədə illər uzunu nəinki tərtərli fermerləri, həm də qonşu rayonların təsərrüfatlarını məhsuldar toxumlarla təmin edən Bölgə Təcrübə Stansiyasının adı qeyd olunmalıdır. Bundan başqa, Fərman Qurbanovun, Emin Qurbanovun, Fazil Vəliyevin, Mirzə Cümşüdovun təsərrüfatları da toxumçuluq üzrə ixtisaslaşıblar.
    Rayonda, əsasən, “Qırmızı gül”, “Murov-1”, “Murov-2”, “Qobustan” buğda, “Qarabağ-33”, “Qarabağ-22” arpa sortları əkilir. Əkin sahələrinin genişləndirilməsi, o cümlədən düşməndən azad edilmiş ərazilərdə taxıl əkilməsi yeni, susuzluğa davamlı növlərin sınaqlardan keçirilməsinə imkan yaradıb.
    Bəyimsarov kəndinin sakini, qabaqcıl fermer, I dərəcəli “Əmək” ordenli Fazil Vəliyev deyir:
    – Cari il 60 hektar sahədə taxıl əkmişik. Növbəli əkindən istifadə edirik. Ötən mövsüm bu ərazidə günəbaxan və pambıq becərmişdik. Təsərrüfatımız toxumçuluq üzrə ixtisaslaşıb. Özümüz “Qırmızı gül-1” və “Mətin” sortlarını əkirik, müraciət edən fermerləri də toxumluq buğda və arpa ilə təmin edirik.
    Fazil Vəliyev bildirdi ki, cari mövsüm heç də asan keçməyib. Payızın və qışın həddən artıq quraq və isti keçməsi, yazın isə çox yağmurlu olması taxılçılıqla məşğul olanları əsl sınağa çəkdi. Belə şəraitdə uğur qazanmağın yeganə yolu sahələrdə zəruri aqrotexniki tədbirlərin keyfiyyətlə həyata keçirilməsidir.
    Tərtər Dövlət Aqrar-İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Arif Behbudov isə ərzaq təhlükəsizliyi proqramına öz töhfələrini vermək üçün tərtərli fermerlərin səpinqabağı və sonrakı tədbirləri aqrotexniki qaydalar əsasında həyata keçirdiklərini dedi: “Toxumun torpağa gübrə ilə birlikdə səpilməsinə diqqət yetirilmişdir. Cari mövsümdə subsidiyaların fermerlərə vaxtında çatdırılması bu tədbirləri keyfiyyətlə görməyə imkan vermişdir. Taxıl sahələrinin sığortalanması da diqqət mərkəzində saxlanılmışdır ki, bu da istehsalçıları gözlənilməz təbiət hadisələrinin nəticələri ilə üz-üzə qalmaqdan qoru-yur”.
    Talış və Suqovuşan kəndlərində də zəmilər bol məhsuldan xəbər verir. Fermer Loğman Müseyibov deyir ki, bu gün biz torpağı sərbəst əkib-becərir, bolluq yaradırıqsa, bunun üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu torpaqda döyüşən, onu qanı ilə suvaran igid oğullarımıza borcluyuq: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi sağlamlıqlarına qovuşdursun. Biz bu torpaqlarda addım atanda da, toxum səpəndə də bir an belə şəhidlərimizi unutmuruq”.
    Hazırda taxılçılıqda məsul dövrdür. Artıq arpa sahələrinin məhsulu biçilir. İlk nəticələr yaxşıdır, məhsuldarlıq yüksəkdir. DAİM-də biçinə nəzarət edən komissiya yaradılıb. Biçin öncəsi rayon icra hakimiyyətində keçirilən müşavirədə fermerlərə tövsiyələr verilib, yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

    Lazım QULİYEV,
    “Azərbaycan”

     

    Müəllif: Redaktor, 09:58

İsmarıclar bağlıdır.