Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    ÖMRÜN BARLI-BƏHRƏLİ ÇAĞINDA

    Uzun illər rayon qəzetində işlədiyimə görə, İbrahim Məmmədovu da, onun atası Yolçu Məmmədovu da yaxşı tanıyırdım. Hər ikisi rayonda qabaqcıl kənd təsərrüfatı işçisi olub. Keçmiş M. F. Axundov adına kolxozun adı çəkiləndə, ilk növbədə yada düşən Yolçu Məmmədov olur. Onun briqadası yarış cədvəlində birinci yerdə dayanırdı. Bu nailiyyətlərinə görə “Oktyabr inqilabı”, “Qırmızı Əmək bayrağı” ordenləri, “Lenin yubiley medalı” ilə təltif olunmuş, hətta növbədənkənar minik maşını almışdı.

    Oğul da atadan geri qalmırdı. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində rayonumuzda olarkən, gənc mütəxəssi-sin başçılıq etdiyi təsərrüfatın pambıq tarlalarını gəzib və işini çox bəyənib. Hətta qələbə raportunu nəzərdə tutulandan bir neçə gün əvvəl imzalamağı tövsiyə edib. İbrahim Məmmədov dövlət başçısına verdiyi sözə əməl edib. Məhz Umummilli Lider Heydər Əliyevin dediyi gündə onun başçılıq etdiyi kolxoz dövlətə pambıq satışı barədə tapşırığı yerinə yetirib.
    İbrahim müəllim həmin görüşü belə xatırlayır:
    –Sentyabr ayının əvvəlləriydi. Sahələrdə məhsul bol idi. Heydər Əliyev maşından düşən kimi pambıq yığan qadınların yanına gəldi, hər biri ilə mehribancasına görüşdü. Belə böyük bir insanın bu qədər sadə və səmimi olmasına hamımız heyranlıqla tamaşa edirdik.
    “Həmin görüş mənim həyatımda böyük rol oynadı,”– deyir İbrahim müəllim. “Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Bərdədə keçirilən müşavirədə yenidən o dahi şəxsiyyəti görüb dinləmək nəsibim oldu. Həmişə düşünürəm ki, nə yaxşı ki, Tanrı xalqımıza belə bir lider qismət etdi. Onun titanik fəaliyyəti nəticəsində ikinci dəfə itirə biləcəyimiz müstəqilliyimiz əbədi oldu”,– deyə ağsaqqal sözünə davam etdi.
    5 övlad və 14 nəvə sahibi olan İbrahim Məmmədov bildirdi ki, bu gün o, övladlarının və nəvələrinin taleyi üçün narahat deyil. Axı, onlar işğal altındakı torpaqlarını geri qaytarmış, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli Azərbaycanın vətəndaşlarıdır. Ailənin 4 qızı, 1 oğlu ali təhsil alıb. Hamısının gözəl ailəsi və işi var. 14 nəvədən 7-si müxtəlif universitetlərdə təhsil alır, 7-si isə hələ orta məktəb şagirdidir. Ailədə ən böyük maraq tibb sahəsinədir. Bunun səbəbini soruşanda İbrahim müəllimin həyat yoldaşı, hazırda təqaüddə olan Atəş müəllim söylədi ki, böyük qızımız Könül həkimdir, Yaqut, Gülüstan və Sevinc təhsil sahəsini seçiblər, Eldəniz isə Daxili İşlər Orqanlarında çalışır. Nəvələrimizin əsasən həkimliyə olan marağı isə bu peşənin daim insanlar üçün gərəkli olmasından irəli gəlir. Hazırda süni intellekt hər yerdə mütəxəssisləri əvəz edir. Ancaq peşəkarlıq və insanlıq baxımından yaxşı həkimə həmişə ehtiyac olacaq.
    İbrahim Məmmədov 1948-ci ildə rayonumuzun Hacıqərvənd kəndində anadan olub. Keçmiş Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) Alim- aqronom fakültəsini bitirib. Uzun illər kolxozun baş aqronomu, kolxoz sədri, “Kəndkimya” Bir-liyinin müdiri və digər rəhbər vəzifələrdə işləyib. Fəallığı ilə seçilib.
    Azərbaycan komsomolunun XXIX, Ümumittifaq komsomolunun XVII qurultaylarında iştirak edib.
    Onunla söhbətimizdə tez-tez keçmişə qayıtsaq da, hər ikimizi bugünkü gəncliyimiz, onların həyatı, qayğı və problemləri maraqlandırır. Bununla bağlı fikirlərini soruşuram.
    İbrahim müəllim deyir:
    –Bu gün əksər ailələrdə uşaqlar, nəvələr öz baba və nənələrindən, valideynlərindən qat-qat irəli gediblər. Savadlıdılar, dünyagörüşləri genişdir. Xarici dilləri öyrənməyə böyük maraq göstərirlər. Bu, çox yaxşıdır. Ancaq nədəndirsə mənfi hallar da çoxalıb. Deyirlər, günahkar mühitdir. Mən düşünürəm ki, səbəb ailələrdəki vəziyyətdir, gənc ailələrin valideynlərlə yaşamaq istəməməsidir. Elə iş yerlərində də yaşlı adamlar azalıb. Yadımdadır ki, mən orta məktəbi bitirəndən sonra bir müddət kolxozun inşaat briqadasında işlədim. Briqadirimiz Nurəddin əmiydi. Digər ağsaqqallar da vardı. Onlar bizi zəhmətə, düzlüyə alışdırırdılar. Yaxud o zamankı kolxoz sədri Əsgərxan əmi! Həmin ağsaqqalları indiyədək xatırlayıram, Allah hamısına rəhmət eləsin. Yəni gənclik nə qədər bilikli olsa da, həyat təcrübəsinin azlığına görə səhvə də yol verə bilərlər. Ona görə də böyüklər onların həyatı üçün məsuliyyət hiss etməlidirlər.
    İbrahim müəllim erkən nikahdan, boşanmalardan da danışdı. Bununla bağlı Milli Məclisdə müzakirəyə çıxarılan məsələnin aktuallığını qeyd etdi. Dedi ki, erkən nikahın qarşısını maarif-ləndirmə yolu ilə almaq mümkün deyilsə, qoy burada qanunlar öz sözünü desin.
    Ömrün ahıl çağını yaşayan İbrahim Məmmədov bu gün də əlini işdən soyutmur. Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsinin ətrafındakı kiçik parka iç-məli suyun çəkilməsi də onun təşəbbüsüdür. “Rayonun ağsaqqalları daim bura toplaşıb söhbət edir, bir-birindən hal-əhval tuturlar. Kimi əl-üzünü yuyur, kimisi də dərman atır. İsti yay günlərində hamıya su lazımdır”, – deyir İbrahim müəllim.
    Ömrün bəhrəsi həm cəmiyyətə verdiyin xeyirlə, həm də böyüdüb, boya-başa çatdırdığın övladlarla ölçülür. İbrahim Məmmədov nə yaşından, nə də həyatından gileyli deyil. Həyatının barlı-bəhrəli çağını yaşayır.

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 09:34

İsmarıclar bağlıdır.