Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan- Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib.

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev beynəlxalq konfrans iştirakşılarına məktubla müraciət edib. Dövlət başçısı qeyd edib ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar bir tarix olan 15 İyun- Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi var.

    2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfuyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Imzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.

    Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Belə ki, Bəyannamədə siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapması çox mühüm tarixi nailiyyətdir.

    Türkiyə müdafiə sənayesi öz keyfiyyətini bir daha ortaya qoyaraq müharibə dövründə qardaş Azərbaycandan öz dəstəyini əsirgəməmişdir. Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyə indiyə kimi bir yerdə olmuş və bundan sonra da hər zaman bir yerdə olacaqdır. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.

    Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlətləri arasında maddi-texniki, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığın gündən-günə genişlənməsinin əsas göstəricisidir. Azərbaycan və Türkiyə dövlətləri arasında əməkdaşlıq böyük bir tarixə malikdir. Qarabağda böyük iqtisadi layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Şuşa Bəyannaməsi göstərilən işlərin görülməsində ilkin hüquqi sənədlərdən biri oldu.

    Qurtuluşun və böyük Zəfərin təntənəsi olan, Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də dövlətimizin başçısının vurğuladığı kimi, yeni dünya düzəninə mühüm töhfədir. Xalqımız zamanı çatanda bu töhfələrin də sahibi olacaq.

     

    Müəllif: Redaktor, 09:07

İsmarıclar bağlıdır.