6 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib: “TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Sözügedən fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur”.
Prezident cənab İlham Əliyev çıxışında qeyd edib: “İqlim məsələləri bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir. Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək”.