Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07İyn

    Tərtər üzrə boşanmalarla bağlı statistika həyəcan təbili çalmağa məcbur edir. Rayonda boşanmaların sayı evlənənlərin sayını üstələyir. Bu isə o deməkdir ki, hər ay yarımçıq ailələrdə böyüyən, ata, yaxud ana nəvazişindən məhrum olan uşaqların sayı artır.
    Bunlar niyə baş verir? Ömürlərinin sonuna kimi birgə yaşamağa bəzi cavanlara mane olan nədir?
    Suallarımıza cavab tapmaq üçün ömrün ahıl çağını hüzur, xoşbəxtlik içində keçirən bir ailənin qonağı olduq və onların ömür yoluna, həyat tərzinə qısaca bir nəzər saldıq.
    Xəlil Həsənov 1938-ci ildə Hacıqərvənd kəndində doğulub. Həyat yoldaşı Əzimə Həsənova da elə bu kənddə 1950-ci ildə anadan olub. 1971-ci ildə ailə qurublar. 5 oğul, 2 qız, 19 nəvə, 5 nəticə sahibidirlər. 53 ildir ki, bu həyatda sözün əsl məna-sında qoşa addımlayırlar. Həyətdə-bacada, xeyirdə-şərdə, bazarlıq edəndə hamı onları bir yerdə görməyə adət edib.
    Bu gün Xəlil kişinin də, onun ömür-gün yoldaşının da üzündə elə bir nur var ki, buna yalnız yaxşı mənada həsəd aparmaq olar.
    Maraq bizi bir-birinin ardınca suallar yağdırmağa məcbur edir. Əlbəttə, ilk növbədə sevgi barədə soruşuruq. Öyrənirik ki, gənclik illərində Xəlil Həsənov Gəncədə texnikumda təhsil alırmış. Təhsilini başa vurub kəndə qayıtdıqdan sonra kolxozun inşaat briqadasında işləyib. Gələcək həyat yoldaşını ailəsinin məsləhəti ilə seçib, ona görə ki, həyatda ən çox qiymət verdiyi nemətlər ailə dəyərləridir – yəni qarşılıqlı hörmət, hüzur, böyüklərə qayğı, ailə başçısının yerinin bilinməsi. Bunların hamısı Xəlil kişinin öz ailəsində vardı, ona görə əmin idi ki, məsləhət gördükləri qız da belə olacaq. Bir də ki, o qız elə də uzaqda deyil, elə bu kənddəydi, gənc Xəlil özü də onu görüb bəyənmişdi.
    Onlar hesab edirlər ki, xoşbəxt ailənin təməlində heç də həmişə dəlisov sevgi dayanmır. İllər ərzində yaranan möhkəm bağlılıq hissləri daha güclü olur.
    Müasir gənclərin həyatına baxanda görürük ki, ən çox narazılıqlar məhz ilk vaxtlarda yaranır. Nə təmtəraqlı toy mərasimləri, nə dəbdəbəli cehiz bu çətinliklərin öhdəsindən gəlməyə kömək olmur. Əksinə, bəlkə də ilk səbəb elə bunlardır? Çünki hər iki ailə kimdənsə geri qalmamaq xatirinə xeyli maliyyə çətinliyi ilə üzləşir. Bəziləri toydan dərhal sonra kredit götürür, yaxud borc alırlar. Beləliklə də, musiqi sədaları hələ qulaqlarından çəkilməmiş, reallıq öz üzünü göstərir. Bəs, keçmişdə necə idi?
    Cütlüyün fikri eynidir:
    – Cehiz vermək, övladlara toy eləmək xalqımızın gözəl adətidir.
    Əzimə ana deyir ki, mənə də valideynlərim cehiz veriblər. Yeddi övladlarımıza toy edib, 5 gəlin gətirmişik, 2 qız köçürmüşük. Həmişə də israfçılıqdan qaçmışıq, gücümüz çatan işlləri görmüşük.
    Bu cütlük indiyə kimi Xəlil kişinin ata ocağında yaşayır. Elə gəlinlərin 5-i də əvvəlcə bu evə gəlib, Əzimə ananın sakit, mülayim rəftarından ailənin həyat tərzini öyrəniblər. Sonralar yaxınlıqda oğlanların beşinə də ev tikdiriblər, indi hərənin öz isti ocağı var. Qızlar da gəlin köçdükləri ailədə analarının tövsiyələrini unutmurlar.
    Ərlə arvadın sözünün bir olmasını uşaqlara qoyulan adlardan da görmək olur: Vəfadar, Sevdiyar, Lütviyar, İxtiyar, Bəxtiyar, Şirinnaz, Gülnaz.
    Ata-ana övladlarına var-dövlət verməyiblər. Zəhmətsevərlik, xeyir-xahlıq, düzlük aşılayıblar. Özləri isə ömrün ixtiyar çağını rahat yaşayırlar. Bilirlər ki, uşaqlar bir-birinə arxa-dayaqdırlar, yaxşı gündə də, çətinlik olanda da bir-birinin yanındadırlar.
    Ailənin böyüyü Vəfadar söhbəti davam etdirir:
    – Valideynlərimiz sağlam həyat tərzini bizə də aşılayıblar. Bu günün özündə də kənddə nübar tərəvəz məhsulları onların həyətində yetişir. Ailəmiz meyvə-tərəvəz, ağartı üçün heç zaman bazara getməzdi. İndi də onlar birlikdə lək hazırlayır, əkin əkir, bundan zövq alırlar. Valideynlərimizin qohumlarla, qonşularla münasibətləri bizdən ötrü canlı nümunədir. Kiminsə onlardan incidiyini, narazı qaldığını eşitməmişik.
    Övladların hamısı haqqında danışıb oxucularımızı yormaq istəmirik. Təkcə onu deyək ki, Vəfadar 29 il Tərtər rayon Dövlət Yanğından Mühafizə İdarəsində işləyib, hazırda təqaüddədir, onun yolunu oğlu Səfiyar Həsənli davam etdirir. Kiçik oğlu Sadiq hərbi xidmətdən bu yaxınlarda qayıdıb. Antiterror əməliyyatının iştirakçısıdır. Xüsusi təyinatlılarda xidmət edib. Qızı Hicran ailə qurub, 3 övladı var.
    Hacıqərvənd kənd İƏD üzrə icra nümayəndəsinin vəzifəsini icra edən Elçin Zeynalov deyir:
    – Xəlil əmi ilə qonşuyuq. İndiyədək bir dəfə də olsun onun hündürdən danışdığını, kiməsə acıqlı söz dediyini eşitməmişik. Gənclərimiz belə ailələrdən nümunə götürməlidirlər.
    Yeddi övlad böyüdən Əzimə ananın məişət qayğıları həmişə çox olub, elə indi də var. Amma o, bunları məhəbbətlə, ailəsini, övladlarını sevə-sevə yerinə yetirirdi. İndi qadınlarımızın gündəlik işlərinin çoxunu müasir cihazlar yerinə yetirir. Ailədə iş azalıb, uşaqların sayı da azalıb, ancaq onlara ayrılan vaxt çoxalmayıb. Problemlər, boşanmalar da elə buradan yaranır.

    SVETLANA BAĞIROVA

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.